Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-788/2021 22.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər DYPŞ YNH inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Xocalı rayonunda qeydiyyatda olmaqla Gəncə şəhəri, 3 nömrəli trestin yataqxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 11.05.2021-ci il tarixdə saat 22:30-da istifadəsində olan Ford Fusion markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinin nümayəndəsi, polis baş leytenantı X5 protokolun məzmununa uyğun çıxış edərək, İXMnın 327.8-ci maddəsində nəzərdə tutulmuş əməlin Şəxs tərəfindən törədilməsi sübuta yetirilmişdir. Buna görə də qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilməyərək, bildirdi ki, onun 2020-ci ildə aldığı sürücülük vəsiqəsi vardır. “Ford Fusion” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobil atasına məxsusdur. Həmin avtomobili o, etibarnamə əsasında idarə edir. 11.05.2021-ci il tarixdə o, idarə etdiyi “Ford Fusion” minik markalı ** NF *** dövlət qeydiyyat nişanlı avtomobillə dostu Mətinlə birlikdə yaşadığı ünvandan çıxıb aptekə gedən zaman təxminən saat 22:30 radələrində Gəncə şəhəri Şeyxzamanov küçəsindən Ş.İ.Xətai prospektinə daxil olarkən, stop nişanında dayanmış, sağa, sola baxmış, yolur, boş olduğunu gördüyü üçün hərəkətə başlayan zaman Ş.İ.Xətai prospekti ilə hərəkətdə olan “Muravey” tipli motosikletin işığı yanmadığı üçün həmin motosikleti görməmiş və həmin motosiklet qoşa xətti ayaqlayaraq onun idarə etdiyi avtomobilin sol yan hissəsindən dəymişdir. Bundan sonra onun idarə etdiyi avtomobil Ş.İ.Xətai prospektində D.Qorqud küçəsi istiqamətində dayanmışdır. Sonra hadisə yerinə YPX əməkdaşları gəlmiş və ondan sənədlərini istəmişlər. O, da sənədləri təqdim etmişdir. Sonra o, özünü narahat hiss etdiyi üçün Gəncə şəhəri 3 nömrəli xəstəxanaya getmişdir. Orada həkimlər ona tibbi yardım göstərmiş, sonra yenidən hadisə yerinə gəlmişdir. Həmin vaxt orada polis əməkdaşları hadisə yerini müayinə etmişlər. Sonra onu və motosikletin sürücüsünü narkoloji dispanserə aparmışlar. Orada sərxoşluq müayinəsindən keçmişlər, hər ikisinin ayıq olması müəyyən olunmuşdur. Hadisə zamanı o, sol qolunun və sol dizinin əzilməsi xəsarəti almışdır. Həmin vaxt onun idarə etdiyi avtomobilin surəti təxminən saatda 20-25 km\saat olarmış, hadisə baş verən zaman o, dostu Mətinlə birlikdə olmuş, hadisə zamanı həmin yerdə onun tanıdığı heç kim hadisəni görməmişdir. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 20 iyul 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs X6 Qanunun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə ekspertizası mərkəzinin 29.06.2021-ci il tarixli, 8/1246 saylı rəyindən görünür ki, “Ford Fusion” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “X6’’ Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Muravey markalı motorollerin sürücüsü X1 hərəkətlərində ‘X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü M.E.Əmirov Muravey markalı motorolleri dövlət qeydiyyat nişanı vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 20.05.2021-ci il tarixli 671 saylı rəyindən görünür ki, azyaşlı X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol bayır topuq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması və yara– sol bazu nahiyəsinin qançırı - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 11.05.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş DVD diskdəki videogörüntüdən məlum olur ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ikinci dərəcəli yoldan baş yola çıxarkən baş yolla hərəkət edən motorollerə yol verməyərək onunla toqquşur və motoroller aşaraq sürücüsü yerə yıxılır. X6 Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin İ bəndinə əsasən üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. Həmin Qanunun 77-ci maddəsinin İ bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X6 Qanunun 77-ci maddəsinin İ bəndinin tələblərini pozaraq “dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının tələblərini pozaraq baş yoldan gələn nəqliyyat vasitəsininin yoluna çıxaraq onunla toqquşmuş və bununla İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, sürücünün yol hərəkəti qaydaları haqqında nəzəri bilikləri kafi olsa da, hadisənin sürücünün diqqətsizliyindən qaynaqlandığını, onun ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-788/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-788/2021
22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver