Məhkəmə qərarları › İş №3(043)-790/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-790/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-790/2021 10.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs 26.07.2021-ci il tarixdə saat 17:00-da istifadəsində olan VAZ 21074 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü təqsirli bilərək, bildirdi ki, “VAZ-21074” minik markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 'VAZ 21074” minik markalı avtomobili idarə edərək yaşadığı ünvana gedərkən təxminən saat 17:15 radələrində Abbas Səhhət küçəsində yerləşən Tural Şadlıq sarayının bərabərliyində hərəkət edərkən sürəti saatda 50-60 km/saat olmuş, bu zaman onun idarə etdiyi avtomobilin təkərləri istifadəyə yararsız olduğundan o, idarə etməni itirərək qarşıdan gələn avtomobilin hərəkət yoluna çıxmış və onun idarə etdiyi avtomobilin qabaq hissəsi, “VAZ-2106” markalı avtomobilin qabaq hissəsindən dəymiş və onun idarə etdiyi avtomobil yolun hərəkət hissəsində dayanmışdır. Hadisənin baş verməsinə səbəb onun avtomobilin təkərlərinin istifadəyə yararsız olması və tələsdiyindən avtomobili sürətli idarə etməsi və yol döngəli olduğu üçün sükanın idarəetməsini itirməsi olmuşdur. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi, Şəxs X3 Qanunun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 31.07.2021-ci il tarixli 1235 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər hər iki göz ətrafı və hər iki diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi və hematoması – bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 26.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X3 Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Vİ və Vİİ bəndlərinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs X3 Qanunun 42-ci maddəsinin Vİ və Vİİ bəndinin tələblərini pozaraq dönmə əməliyyatını düzgün aparmadığı üçün qarşıdan gələn nəqliyyat vasitəsininin yoluna çıxaraq onunla toqquşmuş və bununla İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildiyindən onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, sürücünün yol hərəkəti qaydaları haqqında nəzəri bilikləri kafi olsa da, hadisənin sürücünün diqqətsizliyindən qaynaqlandığını, onun ilk dəfə məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar