Məhkəmə qərarları › İş №3(043)-792/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-792/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-792/2021 26.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 26 oktyabr 2021-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs 26.10.2021-ci il tarixdə Gəncə şəhəri Beynəlxalq avtovağzalın yaxınlığında DYPŞ-nın YPX-nın əməkdaşlarına qarşı təhqiredici ifadələr işlədərək uca səslə onları söyüb təhqir etmiş və tabesizlik göstərmişdir. Bununla da onun tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən onu inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, 26 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində “Əllərin dairəsi” adlanan yerdən Dəliməmmədli şəhəri istiqamətində hərəkətdə olan zaman polis əməkdaşlarının saxla əmrinə tabe olmamış və biraz hərəkət etdikdən sonra irəlidə olan yanacaq doldurma məntəqəsində avtomobili saxlamışdır. Daha sonra orada polis əməkdaşları ona yaxınlaşaraq, sənədləri istəmiş, o isə sənədləri vermək istəməmişdir. Buna görə də polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. O, həmin vaxt əsəbi və sərxoş olduğundan bu cür hərəkətlərə yol vermişdir. Hazırda törətdiyi əməldən peşmandır və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, 26.10.2021-ci il tarixdə 00:10 radələrində “Əllərin dairəsi” adlanan yerdə Şəxs saxla işarəsi versələr də, onların saxla işarəsinə məhəl qoymayaraq, idarə etdiyi avtomobili saxlamamış və hərəkətini davam etdirmişdir. Bundan sonra onlar PPX-ya məlumat vermiş və Şəxs kamera vasitəsi ilə izləyib taparaq, onun idarə etdiyi avtomobilin qabaq və arxa tərəfini kəsmişlər. Bu vaxt Şəxs avtomibilini hərəkət etdirərək patrul avtomobilinə də zərər vurmuşdur. Onlar Şəxs nizam intizama dəvət etsələr də Şəxs öz hərəkətlərinə davam edərək, onların qanuni tələblərinə tabe olmayaraq yenidən ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra onu patrul avtomobili ilə Kəpəz RPİ-yə aparmışlar. Şəxs ictimai yer hesab olunan yanacaq doldurma məntəqəsində polis əməkdaşları ilə əsassız mübahisə yaratması və ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, bu zaman ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində tərtib edilmiş protokol və şahidlərin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. İlk növbədə qeyd edilməlidir ki, Şəxs polis əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlətməklə ictimai yer hesab edilən yanacaq doldurma məntəqəsində digər vətəndaşlara məhəl qoymamış və bu zaman onu nizam–intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar məhkəmə baxışında aşkar edilməmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, habelə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 oktyabr 2021-ci il tarixdə saat 00:50-də tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin yuxarı həddinin dörddə üçü miqdarında, yəni 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar