Məhkəmə qərarları › İş №3(043)-806/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-806/2021

01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-806/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin polis baş leytenantı X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, Nizami RHK-nın ərazisi, məh-A, sahə 14 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 24.09.2021-ci il tarixdə saat 09:00-da sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “QAZ-31029” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydasını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş X10 bildirdi ki, 24.09.2021-ci il tarixdə saat 09:00-da sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “QAZ-31029” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Z.Xəlil küçəsi ilə hərəkətdə olub baş yol olan Ş.İ.Xətai prospektinə çıxarkən hərəkət üstünlüyü olan, X3 idarə etdiyi VAZ-21061 markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilin sərnişini X1 yüngül xəsarət yetirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, idarə etdiyi “QAZ 31029” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanı avtomobil qardaşına məxsusdur. Həmin avtomobili sürücülük hüququ olmadan bəzən idarə edir. 24.09.2021-ci il tarixdə saat təxminən 09 radələrində o, dayısı oğlu X4 ilə birlikdə yaşadığı evdən çıxıb Z.Xəlil küçəsi ilə gəlib, Ş.İ.Xətai prospekti ilə Z.Xəlil küçəsinin kəsişməsində avtomobili saxlamış və Ş.İ.Xətai prospekti ilə sağdan və soldan gələn avtomobillərin keçməsini gözləmişdir. Yolun boşaldığını gördükdə o, idarə etdiyi avtomobillə yola çıxıb sola doğru dönmə əməliyyatı aparmaq istəmişdir. O, Ş.İ.Xətai prospektinə daxil olaraq hərəkətini davam etdirən zaman Ş.İ.Xətai prospekti ilə sol istiqamətdən VAZ 21061 markalı avtomobil gələrək onun idarə etdiyi avtomobillə toqquşmasını hiss etmiş və toqquşma anına qədər o, həmin avtomobilin gəlməsini görməmişdir. Hadisə nəticəsində nə o, nə də ki, dayısı oğlu İlham heç bir xəsarət almamışdırlar. Hadisənin baş verməsinə səbəb onun diqqətsizliyi olmuşdur. Törətdiyi əməldən peşmandır, ona yüngül tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 14 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs Qabil oğlunun əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Yol Hrəkəti haqqında Qanunun tələblərini pozduğundan onun barəsində Azərbaycan Respublikasının İXM-nın 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxs tərəfindən verilmiş 1680 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X3 bədəni üzərində müəyyən edilmiş xəsarət-döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, hematoması bərk Küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 24.09.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxs tərəfindən verilmiş 1631 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alın nahiyəsinin səthi əzilmiş yarası, sağ çiyin qurşaqlarının sıyrıqları – bərk Küt əşyanın təsirindən törənmişlər, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 24.09.2021-ci il tarixə uyğun gəlir və sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” Publik Hüquqi şəxs tərəfindən verilmiş 1645 nömrəli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü vətəndaş Şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs “QAZ-31029” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Z.Xəlil küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydasını pozaraq X6 idarə etdiyi “VAZ 21061” minik markalı, **-EH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmaqla İlyas Kərimovun sağlamlığına yüngül xəsarət vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsi olmadığından o, nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə protokolda qeyd edilmiş inzibati xətalardan İXM-in 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş xətalar vahid bir inzibati xətanın tərkibini əmələ gətirir. Belə ki, İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta tərkibinin müstəqil olaraq yaranması mümkün deyildir. Bu xətanın tərkibinin yaranması üçün ilk növbədə sürücü nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmadan nəqliyyat vasitəsini idarə etməli (bu zaman İXM-in 332.2-ci maddəsinin tərkibi yaranır), həmin zaman başqa şəxsin əmlakına maddi zərər vurması və ya sağlamlığına yüngül zərər vurması ilə baş verən yolnəqliyyat hadisəsi törətməlidir. Maddi və ya fiziki zərərin yetirilməsi ilə nəticələnən yolnəqliyyat hadisəsinin baş verməsi üçün isə hər hansı başqa qayda pozuntusunun baş verməsi zəruridir. Hazırkı halda isə yol-nəqliyyat hadisəsinin səbəbi yolayrıcını keçmə qaydasının pozulması, yəni İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi olmuşdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Şəxs inzibati məsuliyyətdən və tənbehdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Protokolda göstərilmiş digər inzibati xəta, yəni İXM-in 327.2-ci (yolayrıcının keçilməsi qaydasının pozulması) maddəsi ilə nəzərdə tutulmuş xətar hazırkı inzibati xəta hadisəsindən müstəqil olaraq məsuliyyətə səbəb olduğundan və həmin xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından həmin hissədə məsuliyyət məsələsinin həlli üçün qərarın surəti Gəncə şəhər BPİ-nin X13 Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Şəxs Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar