Məhkəmə qərarları › İş №3(043)-825/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-825/2021

03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-825/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Zinzahal kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin X1 şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər Baş Polis İdarəsinin X1 şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, idarə etdiyi “VAZ 21011” markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanı avtomobil ona məxsusdur, sürücülük hüququ olmasa da həmin avtomobili o, etibarnamə əsasında idarə edir. 14.08.2021-ci il tarixdə saat təxminən 19 radələrində o, həyat yoldaşı ilə birlikdə azyaşlı uşağını Abbas Səhhət adına xəstəxanaya aparan zaman idarə etdiyi avtomobillə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə üzü R.Qasımov küçəsinə doğru gəlib R.Qasımov küçəsində olan işıqforda sola dönmə işığını yandırıb R.Qasımov istiqamətinə doğru saatda təxminən 20-30 k/m surəti ilə gəlib dönmə əməliyyatı aparan zaman “İmperial” şadlıq sarayı istiqamətindən düzünə hərəkətdə olan bir VAZ 2106 markalı avtomobilin qabaq hissəsindən vuraraq toqquşmuşdur. Hadisədən sonra azyaşlı uşağını xəstəxanaya aparmalı olduğu üçün idarə etdiyi avtomobili saxlamadan sürüb hadisə yerindən çıxıb Abbas Səhhət adına xəstəxanaya getmişdir. Təxminən hadisə baş verdikdən bir saat sonra hadisə yerinə qayıtmış və həmin vaxt hadisə yerində heç kim olmamışdır. Törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Baxış oğluna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işin təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-in 62.4-cü maddəsinə əsasən işə Zərərçəkmiş şəxs Baxış oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati materiala əlavə olunmuş 03.11.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.2, 327.6-cı maddələrində göstərilən hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin avtomobilinə zərər vuraraq İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16.09.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Gəncə şəhəri 5 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 25.11.2020-ci il tarixli 7E-22304 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, 20ED647 dövlət qeydiyyat nişanlı avtomobilə dair Şəxs 25.11.2021-ci il tarixə qədər etibarnamə verilmişdir. Etibaramə üzrə verilən səlahiyyətlər sərəncam vermək , sürücülük hüququ olduqda idarə etmək və.s olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün etirafı ilə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olamsını İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Zərərçəkmiş şəxsə zərərlə bağlı Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə uyğun olaraq mülki qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1991-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Zinzahal kəndində qeydiyyatda olan, Samux rayonu Alıuşağı kəndində yaşayan Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar