Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-827/2021 03.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 02.11.2021-ci il tarixdə narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının həmçinin belə istehlak nəticəsində yaranan sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 03 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN BNMİ-nin X5 şöbəsinin əməkdaşları tərəfindən Kəpəz Rayon Polis İdarəsinə gətirilmiş və onun narkotik vasitədən istifadə halının müəyyən edilməsi məqsədilə tibbi müayinə olunmaqdan boyun qaçırdığı bildirilmişdir. Ona görə də Şəxs barəsində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Şəxs izahat almamış, ona tibbi müayinədən keçməsini təklif etməmişdir. Hesab etmişdir ki, Şəxs digər polis əməkdaşlarının tələbi ilə tibbi müayinədən keçməkdən boyun qaçırdığı üçün onun tələbi ilə də tibbi müayinədən keçməyəcəkdir. Buna görə də Şəxs İXM-in 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, onu 02 noyabr 2021-ci il tarixdə Göygöl şəhərində yerləşən idman zalında idman edərkən Azərbaycan Respublikası DİN BNMİ-nin X5 şöbəsinin əməkdaşları bayıra çağıraraq onlarla şöbəyə getməli olduğunu demiş, daha sonra onunla kobud davranaraq özləri ilə Gəncə şəhərinə Şöbəyə gətirmişlər. Burada o, özünün vəkili olduğunu bildirdiyi halda vəkili ilə görüşməsinə və vəkili Vəkil onu müdafiə etməsinə şərait yaratmamışlar. O da hüquqlarının kobud formada pozulmasına etiraz əlaməti olaraq heç bir sənədə imza atmamış və onlarla dialoqa girməkdən imtina etmişdir. Onun üzərində şəxsi axtarış aparılmış və üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra Şöbənin rəis müavini Hacı ona tibbi müayinədən keçməsini təklif etmiş, o da öz vəkilinin iştirakı ilə keçirilməsini istəmiş, onlar isə bunun mümkün olmadığını bildirmişlər. O, tibbi müayinənin keçirilməsindən imtina etməmiş, sadəcə vəkilinin iştirakı ilə olmasını tələb etmişdir. Bundan sonra onu sərbəst buraxmaq əvəzinə 03 noyabr 2021-ci il günorta saatlarına qədər Şöbədə saxlamış, daha sonra isə gətirib Kəpəz Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil vermişlər. Sahə rəisi onunla heç bir söhbət aparmamış, ondan tibbi müayinədən keçməsini istəməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxışında bildirdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs 02 noyabr 2021-ci il tarixdə Göygöl şəhərində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilmişdir. Şəxs yaxınları onunla Şəxs hüquqlarını müdafiə etməsi üçün müqavilə bağlamışlar. O da vəkil orderi alaraq Şəxs hüquqlarını müdafiə etmək üçün Şöbəyə getmişdir. Lakin Şöbənin rəis müavini onu içəriyə buraxmamış, Şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil təyin edildiyini bildirmişdir. Edilən hərəkətin qanunsuz olduğunu bildirsə də buna məhəl qoyan olmamışdır. 03 noyabr 2021-ci il tarixdə Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Lakin protokoldan və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs bu işlə bağlı izahatı alınmamış, ona tibbi müayinədən keçməsi təklif olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşlarının Şəxs tibbi müayinədən keçməsini təklif etmələrinin heç bir əsası olmamışdır. Belə ki, Şəxs barəsindəki şübhələr öz təsdiqini tapmadığı halda o, dərhal azad olunmalı idi. Buna baxmayaraq o, Şöbədə qanunsuz olaraq saxlanılmış və növbəti gün Kəpəz Rayon Polis İdarəsinə gətirilmişdir. Hesab edir ki, Şəxs əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməliyyat müvəkkili X6 bildirdi ki, o, Azadı bu iş üzrə tanımışdır. 02.11.2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, onlar da Göygöl rayonuna Azadın iş yerinə getmişlər. Onu polis şöbəsinə dəvət etmişlər, o isə razılaşmayıb onların tələblərinə tabe olmamışdır. Onu şöbəyə gətirdikdən sonra üzərinə baxış keçirilmiş və üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Daha sonra ona narkotik vasitənin istehlakı halının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçməsini təklif etsələr də, o heç bir səbəb göstərmədən bununla razılaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməliyyatçısı Əmrah Fikrət oğlu bildirdi ki, 02.11.2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, onlar da Göygöl rayonuna gedərək, Azadı polis şöbəsinə dəvət etmişlər. Onu polis şöbəsinə gətirdikdən sonra üzərinə baxış keçirilmiş və üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Daha sonra ona tibbi müayinədən keçməsini təklif etsələr də, o tibbi müayinənin keçirilməsindən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyatçısı X1 bildirdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən raport tərtib edilmiş, sonra yaradılmış əməliyyat qrupu ilə birlikdə Göygöl rayonuna getmişlər. Azadı polis şöbəsinə dəvət etmişlər, o isə imtina etmiş, onlar da onu şöbəyə gətirərək, vəkil dəvət etmiş, təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Şəxs üzərinə baxış keçirilmişdir. Lakin onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Şəxs narkotik sərxoşluğu vəziyyətində olduğunu düşündükləri üçün ona tibbi müayinədən keçməsini təklif etsələr də, o bundan da imtina etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 02 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və onun azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 02 noyabr 2021-ci il tarixdə saat 20:30 dəqiqədən tutulmuş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması protokolundan görünür ki, tutulmanın əsasları 02 noyabr 2021-ci il tarixdə saat 20:30-da DİN BNMİ-nin QBRŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə marixuana əldə edib istifadə etməsində və üzərində saxlamasında şübhəli bilinən Şəxs Göygöl şəhəri, H.Əliyev prospektində yolun kənarında “Dodge” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında dayanan zaman həmin avtomobil ilə birlikdə saxlanılaraq, BNMİ QBRŞ-ya gətirilmişdir. Şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni 02 noyabr 2021-ci il tarixdən saat 20:30 dəqiqədən tutulmuş hesab edilmişdir. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Şəxs üzərində narkotik vasitə psixotrop maddə, eləcə də qanunla qadağan edilmiş digər əşyanın olmadığını bildirdi və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd içərisində siqaretlər olan siqaret qutusunu, avtomobilinin açarını sağ yan cibindən 1 ədəd Samsung markalı mobil telefonu, əynindəki qara rəngli uzunqol idman geyiminin sol yan cibindən mobil telefon üçün nəzərdə tutulmuş enerji naqili və 1 ədəd ödəniş çeki təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şəxs üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla qadağan edilmiş digər əşya aşkar edilməsə də 20 qəpik pul vəsaiti aşkar edildi. Təqdim etdiyi pul vəsaiti avtomobil açarı şəxsin özünə qaytarılsa da mobil telefonu götürülmüşdür. Şübhəli şəxs Şəxs verilən suallara cavab olaraq bildirdi ki, narkotik vasitə və psixotrop maddələrdən təxminən 5-6 il əvvəl istifadə etdiyi, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərmədiyini qeyd etmişdir. Avtomobilində və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarında olan baxış keçirilməsi və götürmə haqqında 02 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Avtomobilə baxış avtomobilin arxa tərəfindən başlanılmışdır. Burada olarkən Şəxs ilk növbədə avtomobilin arxa yük yerini açmış, həmin yerə baxış keçirilən zaman içərisində geyim əşyaları olması müəyyən edilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ tərəfdə yerləşən saxlanc yerindən 1 ədəd etibarnamə aşkar edilmişdir. Həmin etibarnamə tərəfindən götürülmüşdür. Daha sonra avtomobilin qabaq sol tərəfdə yerləşən qapısı açılmış və oradan müxtəlif sayda boş vəziyyətdə siqaret qutusu aşkar edilmişdir. Avtomobilin digər yerlərinə də baxış keçirilən zaman oradan iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şəxs narkotik vasitələrin istifadəsi və ya satışı ilə indiyə qədər məşğul olmamasını ona qarşı sürülən ittihamla razı olmamasını bildirmişdir. Baxış zamanı «Sony» markalı video aparatın video çəkiliş funksiyasından istifadə edilməklə BNMİ-nın QBRŞ-nın polis serjantı X6 tərəfindən video çəkilişi aparılmışdır. İş materiallarında olan 02 noyabr 2021-ci il tarixli tutulmuş şübhəli şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuş Şəxs azad edilərək, DİN-nin BNMİ-nin QBRŞ-dən sərbəst buraxılması qərara alınmışdır. İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 207-ci və 535-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Gəncə şəhər Kəpəz RPİ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədilir. Hərəkətsizliyin mahiyyəti səlahiyyətli şəxsin tələb etdiyi hərəkətin edilməsindən qəsdən boyun qaçırmada ifadə olunur. İşin hallarından göründüyü kimi barəsində icraat aparılan şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq üzərində saxlanması və daşınması şübhəsi ilə 02 noyabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirildikdən sonra hər hansı qanunsuz predmet aşkar edilmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra həmin Şöbədə barəsində icraat aparılan şəxsə narkotik vasitənin istifadəsi halının müəyyən edilməsi üçün tibbi müayinədən keçməsi təklif edilmişdir. Barəsində icraat aparılan şəxs isə hüquqlarının Şöbənin əməkdaşları tərəfindən pozulduğunu əsas gətirərək bundan imtina etmişdir. Bundan sonra Şəxs Kəpəz Rayon Polis İdarəsinə təhvil verilmişdir. Protokolu tərtib etmiş şəxsin və barəsində icraat aparılan şəxsin izahatlarından da göründüyü kimi protokolu tərtib etmiş şəxs tərəfindən onun izahatı alınmamış, tibbi müayinədən keçməsi ona təklif edilməmiş, tibbi müayinədən keçməməsinin səbəbləri aydınlaşdırılmamışdır. Aydındır ki, Şəxs əməlində hər hansı cinayət tərkibinin əlaməti müəyyən edilməmişdirsə onun tibbi müayinədən keçirilməsi yalnız əməlində inzibati xəta tərkibinin, yəni İXM-in 206-cı maddəsinin tərkibinin müəyyən edilməsi məqsədini daşıyır. Bu baxımdan Şəxs tibbi müayinədən keçməyi tələb edən şəxs onun barəsində inzibati xəta haqqında işi aparan şəxs olmalıdır. Belə ki, şəxsin tibbi müayinədən keçəcəyi və əməlində İXM-in 206-cı maddəsinin tərkibinin müəyyən ediləcəyi təqdirdə onun barəsində həmin maddə ilə, tibbi müayinədən imtina etdiyi təqdirdə isə İXM-in 207-ci maddəsi ilə protokol tərtib olunmalı idi. Bu baxımdan inzibati xəta haqqında işi aparmayan şəxs tərəfindən, o cümlədən təhqiqatçı, əməliyyat müvəkkili və digər şəxslər tərəfindən tibbi müayinədən keçmə təklifinin icra edilməsindən imtina olunması İXM-in 207-ci maddəsinin tərkibinin yaranması üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-827/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-827/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver