Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-846/2021 18.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 18 noyabr 2021-ci il tarixli MN ******* saylı və MN ******* saylı protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. MN ******* saylı protokolda qeyd edilir ki, Şəxs 01.10.2021-ci il tarixdə özünü “Sual” şirkətinin işçisi kimi təqdim edərək, ünvan 2 ünvanda yaşayan X1 145 manat pulunu alaraq ona qarşı dələduzluq etmişdir. Bununla da onun tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. MN ******* saylı protokolda qeyd edilir ki, Şəxs 17.11.2021-ci il tarixdə saat 21:00 radələrində Kəpəz rayonu, H.Əliyev prospektində ictimai qaydanı pozaraq, ucadan nalayiq ifadələr işlətmişdir. Bununla da onun tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X5 protokollarda qeyd olunmuş inzibati xətaların Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, əvvəllər su filtrlərinin satışı ilə məşğul olan “Sual” şirkətində ofis müdiri vəzifəsində işləmişdir. Həmin şirkətdən işdən çıxdıqdan sonra fərdi qaydada ayrı-ayrı şəxslərin evində su filtrlərini təmir etmişdir. 01.10.2021-ci il tarixdə saat təxminən 14 radələrində ünvan 3 ünvanında yaşayan Şöhrət Həsənovun yaşadığı evə fərdi qaydada santexnik işləri görən Rəşad adlı şəxs ilə birlikdə getmiş, ünvana getdikdən sonra Şöhrətə özünü “Sual” şirkətinin işçisi kimi təqdim edərək onun evində olan su filtrini düzəltmək üçün gəldiyini bildirmişdir. Şöhrət onunla razılaşmış, sonra o, Şöhrətə məxsus su filtrlərini təmir edərək yenisini quraşdırmışdır. Bundan sonra zəhmət haqqı kimi Şöhrət Həsənovdan 145 manat pul alaraq getmişdir. Bir neçə saat sonra Şöhrət ona zəng edərək su filtrinin düzgün işələmədiyini bildirmişdir. Həmin vaxt o, tək Şöhrətin yaşadığı evə qayıtmış, su filtrinin kranını təmir etmişdir. Həmin vaxt Şöhrət Həsənovun gözdən əlil olduğunu əvvəlcədən bilmişdir. Bundan sonra su filtrinin kranı yenidən axıtdığı üçün Ş.Həsənov “Sual” şirkəti ilə əlaqə saxlamış, şirkətdən onun həmin şirkətin işçisi olmadığı deyildiyi üçün Ş.Həsənov onun barəsində polisə şikayət etmişdir. Hazırda Ş.Həsənova vurulmuş zərəri ödəmişdir. 17.11.2021-ci il tarixdə, saat 21:00 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq polis idarəsinə dəvət etmiş, bu zaman o, əsəbi olduğu üçün şikayətlərdən bezdiyini bildirərək ünvansız bir neçə nalayiq ifadə işlətmişdir. Törətdiyi əməllərindən peşmandır və hazırda dələduzluq əməli ilə bağlı iş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, 2014-cü ildə “Sual” şirkətindən su filtri almışdır. Həmin su filtrinin süzgəcləri 3 ildən bir dəyişdirilməlidir. O, həmin su filtirlərini vaxtında dəyişdirmiş, lakin son bir ildə pandemiya olduğu üçün həmin filtirləri dəyişdirməmişdir. 2021-ci ilin yanvar ayında özünü “Sual” şirkətinin işçisi kimi tanıdan Urfan adlı şəxs tanımadığı Rəşad adlı şəxslə onun yaşadığı evə gələrək ona məxsus su filtirini dəyişdirməyi təklif etmiş, o, maddi imkanı olmadığından həmin fıltri dəyişdirə bilməmişdir. 01.10.2021-ci il tarixdə saat 15 radələrində Urfan və Rəşad adlı şəxs yenidən onun yaşadığı evə gəlmiş, özlərini “Sual” şirkətinin işçisi kimi təqdim edərək ona məxsus su filtirini dəyişməsini təklif etmişdirlər. Həmin vaxt o, Urfanla razılaşmışdır. Sonra Urfan guya ona məxsus su filtrini təmir etmiş, əvəzində 145 manat pul almışdır. O, gözdən əlil olduğu üçün Urfanın həmin su filtirini hansı formada təmir etməsini görə bilməmişdir. Sonra isə su fıltrinin düzgün işləmədiyini görüb yenidən Urfana zəng vurmuş, Urfan geri qayıdaraq su filtirinin kranının yaxşı işləməməsini bildirərək kranı dəyişəcəyini bildirmişdir. Bundan sonra Urfan həmin filtrin kranını dəyişdiyini deyib çıxıb getmişdir. Bundan sonra da həmin filtr və kran düzgün işləməmişdir. O, “Sual” şirkətinə zəng edərək bu barədə məlumat verdikdə şirkətdən ona Urfan adlı şəxsin onların işçisi olmadığı və Urfanın onu aldatdığı bildirilmişdir. Bundan sonra Urfandan polisə şikayət etmişdir. Hazırda Şəxs ona dəymiş ziyanı ödəmişdir, buna görə də ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı X7 ifadə verərək, bildirdi ki, 17.11.2021-ci il tarixdə saat 21:00 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində “Alov” Ticarət Mərkəzinin qarşısında olarkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini və səs-küy saldığını görmüş, daha sonra həmin şəxsə yaxınlaşaraq iradını bildirmiş, törətdiyi qanun pozuntusunu izah etdikdən sonra həmin şəxsi Kəpəz RPİ-yə dəvət edib növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı X4 digər şahidlə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 12.10.2021-ci il tarixli qərarının surətindən görünür ki, X1 145 manat manat pulun dələduzluq yolu ilə əldə edilməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 17.11.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 17 noyabr 2021-ci il tarixdə 21:20-də inzibati qaydada tutulmuşdur. Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını talaması, ictimai qaydanı pozması və beləliklə İXM-in 227-ci və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi və barəsində tərtib edilmiş protokollarla sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını, eləcə də İXM-in yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əməlindən səmimi peşman olmasını nəzərə alıb inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-846/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-846/2021
18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver