Məhkəmə qərarları › İş №3(043)-847/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-847/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-847/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material xx xxxxxxx 2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Kəpəz Rayon Polis İdarəsində ucadan nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, öz əməllərini davam etdirmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Hərbi vəziyyətlə bağlı komendant rejimini pozması ilə əlaqədar polis əməkdaşları tərəfindən Kəpəz RPİ-nə gətirilmişdir. Həmin vaxt Şəxs idarədə ucadan nalayiq ifadələr işlətməyə başlamış, bu zaman polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, öz əməllərini davam etdirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməlləri törətmişdir. O, xx xxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Kəpəz RPİ-nə gətirildiyi vaxt içkili olduğundan, idarədə polis əməkdaşlarına kobud cavab vermiş, onların tələblərinə məhəl qoymamışdır. Törətdiyi əməldən peşmandır. Ailəli olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, o Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Kəpəz RPİ-nin polis sahə rəisi, polis baş leytenantı Turab Hacıyev və sahə rəisi, polis baş leytenantı Sərxan Nağıyev ölkə ərazisində tətbiq olunmuş Hərbi vəziyyətlə əlaqədar komendant saatı zamanı inzibati ərazidə xidmətdə olan zaman Azərbaycan Bayrağı adlanan küçədə adı sonradan onlara məlum olan Şəxs saat 21:00-dan sonra hərəkət etmək üçün icazəsinin olmadığını aşkar etmiş, həmçinin avtomobilinə baxış keçirən zaman avtomobilində bir neçə top elektrik naqillərinin olduğunu görmüş, həmin şəxsin işlədiyi Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus yeni inşa olunan binalardan oğurladığından şübhələnərək Kəpəz RPİ-nin növbətçi hissəsinə təhvil vermiş, həmin şəxs Kəpəz RPİ- də onun xidməti otağında şifahi sorğu zamanı ehtiyacı olduğuna görə avtomobilində olan elektrik naqillərini oğurladığını etiraf etsə də, lakin izahatı alınan zaman etiraf etməmiş və müdiriyyətin məlumatının olmasını iddia etdiyinə görə onu dəfələrlə səmimi olmağa və şifahi sorğu zamanı dediklərini izahatında göstərməsini bildirən zaman Şəxs xidməti otağında ucadan səs-küy salaraq iş rejimini pozmuş, ünvansız nalayiq ifadələr işlətmiş, onun hərəkətlərində sərxoşluq halları hiss etdiyinə görə onun sərxoşluq hallarını müayinəsi məqsədilə Kəpəz RPİ-nin növbətçi hissəsinə düşürən zaman Şəxs yenə də ucadan səs-küy salmağa, həmin naqillərin oğurlanmasından müdiriyyətin xəbərinin olduğunu göstərərək ünvansız nalayiq ifadələr işlətmiş, onu dəfələrlə intizama dəvət etmələrinə baxmayaraq o öz hərəkətlərinə davam etmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli 1385/2020 nömrəli aktdan görünür ki, Şəxs tibbi müayinəsi zamanı onun yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 01:00-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran hal kimi isə əməli sərxoş vəziyyətdə törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona 150 manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar