Məhkəmə qərarları › İş №3(043)-852/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-852/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-852/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Hüquqi şəxs «X4 Sanayi və Ticaret Anonim» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən hüquqi şəxs «X4 Sanayi və Ticaret Anonim» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 11 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materialını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsində 11 noyabr 2021-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati araşdırma zamanı barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, protokolun surəti hüquqi şəxsə verilməmişdir. Belə ki, «X4 Sanayi və Ticaret Anonim» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində protokol tərtib edilərkən, hüquqi şəxsin nümayəndəsi kimi X2 göstərilsə də, həmin şəxsin əsas iş yerinin "xxxx" MMC olduğu müəyyən edilmişdir. X1 «X4 Sanayi və Ticaret Anonim» şirkəti tərəfindən etibarnamə verilsə də A.Sahiblinin hüquqi şəxsi inzibati xəta haqqında iş üzrə icraatda təmsil etmək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İXM-in 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Beləliklə, inzibati xəta haqqında iş üzrə araşdırma zamanı, eləcə də protokol tərtib edilərkən hüquqi şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməmiş, onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, material natamam olaraq məhkəməyə göndərilmişdir. Qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən «X4 Sanayi və Ticaret Anonim» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «X4 Sanayi və Ticaret Anonim» şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar