Məhkəmə qərarları › İş №3(043)-853/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-853/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-853/2021 07.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qərb Ərazi Baş Gömrük İdarəsində 11000- 1571/21 nömrəli 11.11.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qərb Ərazi Baş Gömrük idarəsinin, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 28.10.2021-ci il tarixli 34/012/009447 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından 34CUC001/34CUH161 nömrə nişanlı yük nəqliyyat vasitəsilə Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə gələn “partlayıcı” yükü **********3312 saylı 28.10.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək təyinatı üzrə Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhəri) bəyan edilmişdir. Sənədlərin araşdırılması zamanı Qərb Ərazi Baş Gömrük İdarəsində (Gəncə şəhərində) aşkar olunmuşdur ki, «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 34CUC001/34CUH161 nömrə nişanlı yük nəqliyyat vasitəsilə idxal edilən yükə dair 27.10.2021-ci il tarixdə saat 20:29-da qısa idxal bəyyannaməsi üçün sorğu nömrəsi alınıb və sistemə daxil edilməsinə baxmayaraq, 34CUC001/34CUH161 nömrə nişanlı yük nəqliyyat vasitəsi 27.10.2021 -ci il tarixdə saat 19:59-da “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olmuşdur. Beləliklə məlum olmuşdur ki, yük nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olduqdan 30 dəqiqə sonra qısa idxal bəyannnaməsi «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən sistemə yerləşdirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron qaydada qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda “X6 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən bu təmin olunmamış və bununla da gömrük qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 03.11 2021-ci il tarixdə, 11000-1571/21 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində “X6 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X4 idxal olunan “partlayıcı” yükünə dair qısa idxal gömrük bəyannaməsinin vaxtında tərtib edilib verilməməsinin səbəbinin Türkiyə Respublikasında yerləşən şirkətin yüklə bağlı sənədləri nümayəndəliyə vaxtında göndərməməsi ilə bağlı olduğunu bildirmiş, eyni zamanda inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılmasına və tətbiq olunacaq cərimənin könüllü surətdə ödənilməsinə hazır olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Beləliklə «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Məhkəmə iclasında Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, hüquqi şəxsin barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, “X6 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və hüquqi şəxsdən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********9658 saylı, 27.10.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına Türkiyə Respublikasından 34CUC001/34CUH161 nömrə nişanlı yük nəqliyyat vasitəsilə gələn yükü gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi həm inzibati araşdırma zamanı, həm də məhkəmə tərəfindən telefon vasitəsilə əlaqə yaradılan zaman verdiyi izahatında hüquqi şəxsin ünvanına gələn yükə dair gömrük bəyannaməsinin təqdim edildiyini, lakin yük gömrük orqanına gəlməmişdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin təqdim edilməməsini, bununla da hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: «X6 Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar