Məhkəmə qərarları › İş №3(043)-889/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-889/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-889/2020 05.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X1 iclas katibliyi, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 5-ci döngə, ev 7-də qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 16-cı küçədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1 və 535.1-ci maddələri ilə Gəncə şəhəri BPİ-nin Kəpəz RPİ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510, 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli protokol xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin polis sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində hərbi vəziyyət rejiminin qaydalarını riayət etməmiş və uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:20 radələrində hərbi vəziyyət rejiminin tələblərinə riayət etməyərək, icazəsi olmadan çölə çıxmış və sərxoş vəziyyətdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarına qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə axşam təxminən 21:20 radələrində Nur kafenin yanında Ş.İ.Xətai prospektində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və hərbi vəziyyət rejimi ilə əlaqədar icazəsinin olub olmamasını soruşmuşdur. O da spirtli içkinin təsiri altında olduğundan uca səslə nalayiq ifadələr işlədərək polisin tələbinə tabe olmamışdır. Törətdiyi əmələ görə səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq, onun barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1425/2020 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə 21:20 radələrində hərbi vəziyyət rejimini pozduğuna görə Şəxs Kəpəz RPİ-nə gətirən zaman uca səslə nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi (İXM 32.1.1), inzibati xətanın sərxoş halda törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi (İXM 33.1.7) nəzərə alır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 517-2.1 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 manat miqdarında cərimə edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar