Məhkəmə qərarları › İş №3(043)-892/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-892/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-892/2021 29.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 29.11.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 29.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, 08 iyun 2020-ci il tarixli qərarla icraata başlanılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-380/2020 nömrəli, 26 fevral 2020-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 müştərək qaydada cəmi 4730 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə, həmçinin dəfələrlə telefon vasitəsilə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır və bugünədək heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar aşkar edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədi üzrə borcundan bugünədək heç bir ödəniş etməmişdir. Borclunun hal-hazırda 4730 manat ödənilməmiş borcu qalmaqdadır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Hal-hazırda işsizdir. Ailəlidir, iki övladı var. Bu səbəbdən borcunu ödəmək imkanı olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)-380/2020 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X1 müştərək qaydada 4700 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(043)-380/2020 saylı icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, icra sənədinin icraya yönəldiyi vaxtdan keçən bir ildən artıq müddət ərzində borc məbləğindən bugünədək heç bir ödəniş edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş borcun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 29 noyabr 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar