Məhkəmə qərarları › İş №3(043)-896/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-896/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-896/2021 17.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilərək material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri Cavadxan qəsəbəsində qayınanası X4 əlinə vuraraq, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X3 izahatında göstərdi ki, Şəxs Gəncə şəhəri Cavadxan qəsəbəsində keçmiş qayınanası X4 əlinə vuraraq, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, X2 Aynur Qalib qızı ilə 28.03.2021-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, daha sonra isə ayrılmışdır. 14.10.2021-ci il tarixdə saat təxminən 11 radələrində bacısı X10 ona zəng edərək Gəncə şəhəri 30 nömrəli məktəbə gəlməyi, həmin məktəbdə oxuyan azyaşlı uşaqlarının xəstələndiyini demiş, o da dərhal Gəncə şəhər 30 nömrəli tam orta məktəbə getmiş, həmin məktəbdən bacısı və azyaşlı uşaqlarını da götürüb onların yaşadıqları Gəncə şəhəri Cavadxan qəsəbəsində keçmiş qayınanası Rübabə Məmmədova ilə qonşuluqda yerləşən evə aparmışdır. O, bacısıgilə gəldikdən bir neçə dəqiqə sonra keçmiş həyat yoldaşı Məmmədova Aynur, onun anası Məmmədova Rübabə, əmisinin arvadı Məmmədova Tanya, qardaşı Məmmədov İsa bacısıgilin evinin darvazasını döyərək ondan çıxıb getmələrini tələb etmiş, küçədə onun ünvanına söyüşlər söymüş, küçədə açıq sahədə saxladığı Opel Astra markalı, ** ED *** dövlət nömrə nişanlı avtomaşının qabaq alın şüşəsini, qabaq kapot hissəsini və arxa sol dayanma işıq şüşələrini qəsdən vurub sındıraraq onun əmlakına ziyan vurmuşdur. Həmin vaxt qaynanası Rübabə Məmmədova, arvadı Aynur Məmmədova, arvadının əmisi arvadı olan Tanya Məmmədova onu nalayiq söyüşlərlə söyərək təhqir etmişlər. Daha sonra oraya tanımadığı qonşular da gəlmiş, bundan sonra o, qapıdan çıxıb avtomobilinə əyləşib getmişdir. O, darvazadan çıxdığı zaman X11 əlində ağac parçası olduğunu görmüşdür və hesab edir ki, onun avtomobilinə Məmmədov İsa zərər vurmuşdur. O, bayıra çıxdıqda heç kimlə, o cümlədən Məmmədova Rübabə ilə dalaşmamış, heç bir şəxsi, o cümlədən Məmmədova Rübabəni vurmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, 14.10.2021-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evdə olarkən qızının boşanmaq ərəfəsində olduğu kürəkəni Şəxs pəncərəni döyərək nalayiq ifadələrlə X6 çağırmağa başlamış, o, bayıra çıxaraq Hikmətdən çıxıb getməsini tələb etmiş, belə dedikdə Hikmət nalayiq söyüşlər söyərək küçədə onu təhqir edib üzərinə gələrək əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub onu döyərək əli ilə itələyib yerə yıxmışdır. Bundan sonra Hikmət avtomobilə əyləşib onun üzərinə sürmüşdür. Həmin vaxt qızı Aynur əlində ağac parçası ilə bayıra çıxmış, o, qızının əlindən ağac parçasını alıb özünü qorumaq üçün Hikmətə məxsus avtomobilə tərəf atmışdır. Bu zaman avtomobilin qabaq alın şüşəsi sınmışdır. Bundan sonra Hikmət də çıxıb getmişdir. Bundan başqa aralarında heç nə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirdi ki, Şəxs qardaşıdır. Rübabə Məmmədova isə onun qonşusudur. Qardaşı zərərçəkmiş şəxs X2 Aynur Qalib qızı ilə 28.03.2021-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, daha sonra isə ayrılmışdır. 14.10.2021-ci il tarixdə saat təxminən 11 radələrində qardaşına zəng edərək Gəncə şəhəri 30 nömrəli məktəbə gəlməyi, həmin məktəbdə oxuyan azyaşlı uşaqlarının xəstələndiyini demiş, qardaşı da dərhal Gəncə şəhər 30 nömrəli tam orta məktəbə gəlmiş, həmin məktəbdən onu və azyaşlı uşaqlarını da götürüb onların yaşadıqları Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən evə aparmışdır. O, uşaqlarla içəri keçmiş, qardaşı isə həyətdəki ayaqyoluna keçmişdir. Bu zaman qonşuluqda yaşayan, Aynurun əmisinin arvadı Tanya Məmmədova onların qapısını döyüb onu çağırmış və qardaşının çıxıb getməsini tələb etmişdir. O isə qardaşının onun evinə gəldiyini, bunun onlara aidiyyətinin olmadığını demiş, Tanya da ona əgər qan düşməsini istəmirsə qardaşının bu küçəyə bir daha gəlməməsini demişdir. Bu zaman qardaşı yaxınlaşmış və qapını bağlayıb gəlməsini demişdir. Onlar içəri keçdikdən qısa müddət sonra Rübabə Məmmədova, oğlu İsa Məmmədov, qızı Aynur Məmmədova və Tanya Məmmədova küçədə nalayiq söyüşlər söyərək onların darvazasını döyməyə və qardaşının çölə çıxmasını tələb etməyə başlamışlar. O isə qardaşına zərər yetirəcəklərindən qorxduğu üçün ona yalvarıb çölə çıxmamasını xahiş etmişdir. Bu zaman qonşuluqda yaşayan iki nəfər qadın gələrək demişdir ki, qardaşı çıxıb getsin, yoxsa qan düşəcək. Bundan sonra qardaşı qapıdan çıxıb avtomobilinə əyləşib getmişdir. Onlar içəridə olarkən qardaşının avtomobili sındırılmışdır. X8 ümumiyyətlə toxunmamış, onu vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, 14.10.2021-ci il tarixdə saat təxminən 12 radələrində evdə olarkən boşanmaq ərəfəsində olduğu keçmiş əri Şəxs onu çağırmağa başlamış, anası Rübabə Məmmədova bayıra çıxaraq Hikmətdən çıxıb getməsini tələb etdikdə Hikmət nalayiq söyüşlər söyərək küçədə onun anasını təhqir edib üzərinə gələrək əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. O, Hikmətin anasını döydüyünü görüb əlinə ağac parçası alaraq küçəyə çıxmışdır. Hikmət avtomobilinə əyləşib anasına tərəf sürdükdə, anası ağac parçasını onun əlindən alaraq avtomobilin ön şüşəsinə tərəf atmışdır. Bu zaman avtomobilin ön şüşəsi qırılmışdır. Daha sonra qardaşı İsa bayıra çıxmış, həmin vaxt Hikmət avtomobilini sürüb oradan uzaqlaşmışdır. Qardaşı avtomobilin arxasınca bir az getdikdən sonra geri qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, zərərçəkmiş şəxs R.Məmmədova onun qaynının arvadıdır. Şəxs isə onun qaynının qızı Aynur Məmmədovanın həyat yoldaşı olmuşdur. Aynur Hikmətdən boşanmaq istədiyi üçün Hikmət 14 oktyabr tarixində saat 12 radələrində onların yaşadığı küçəyə gələrək Aynuru çağırmağa başlamışdır. O, qonşuluqda yaşadığı üçün pəncərədən Hikməti görmüşdür. Bu zaman Rübabə Məmmədova bayıra çıxaraq Hikmətdən çıxıb getməsini tələb etdikdə Hikmət nalayiq söyüşlər söyərək küçədə Rübabəni təhqir edib üzərinə gələrək əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Bu zaman Aynur əlinə ağac parçası alaraq küçəyə çıxmışdır. Hikmət avtomobilinə əyləşib Rübabəyə tərəf sürdükdə, Rübabə ağac parçasını qızının əlindən alaraq avtomobilin ön şüşəsinə tərəf atmışdır. Bu zaman avtomobilin ön şüşəsi qırılmışdır. Daha sonra Rübabənin oğlu İsa bayıra çıxmış, həmin vaxt Hikmət avtomobilini sürüb oradan uzaqlaşmışdır. İsa avtomobilin arxasınca bir az getdikdən sonra geri qayıtmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Məhkəməyə təqdim edilən materiallardan X4 14 oktyabr 2021-ci il tarixdə aldığı xəsarətlərin məhz Şəxs tərəfindən yetirilmiş olmasını müəyyən etmək mümkün deyildir. İnzibati xəta haqqında protokol zərərçəkmiş şəxsin izahatına əsasən tərtib edilmişdir. Zərərçəkmiş şəxsin və barəsində icraat aparılan şəxsin ədavətlərinin olması nəzərə alındıqda nə zərərçəkmiş şəxsin, nə də onun yaxın qohumlarından ibarət olan şahidlərin izahatları əsasında hadisənin baş verməsi halları barədə real məlumat almaq mümkün deyildir. Hadisənin gündüz vaxtı, yaşayış evlərinin sıx olduğu küçədə olması nəzərə alınaraq hadisə yerində həmin hadisəyə aid olmayan şahidlərin olması istisna olunmur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun bacısı izahatlarında iki nəfər qonşunun hadisə yerinə gəldiyini bildirsələr də həmin şəxslər müəyyən edilməmiş, bu şəxslər barədə məlumatlar protokolda göstərilməmişdir. Qeyd olunan çatışmazlıqlar məhkəmə baxışı zamanı da aradan qaldırılmamışdır. Belə olan halda hadisəyə düzgün hüquqi qiymət verilməsi mümkün deyildir. İnzibati xəta haqqında iş üzrə icraatda sübutların toplanması və təqdim edilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşdüyündən qeyd olunan natamamlıqların aradan qaldırılması üçün inzibati xəta haqqında material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında material Kəpəz Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar