Məhkəmə qərarları › İş №3(043)-897/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-897/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-897/2021 17.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilərək material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs Gəncə şəhəri, Cavadxan qəsəbəsində kürəkəni X3 “Opel Astra” markalı avtomobilinə daşla arxa hissəsinə qəsdən vurub sındıraraq, ona 600 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X2 izahatında göstərdi ki, Şəxs Gəncə şəhəri, Cavadxan qəsəbəsində kürəkəni X3 “Opel Astra” markalı avtomobilinə daşla arxa hissəsinə qəsdən vurub sındıraraq, X4 600 manat dəyərində ziyan vurubdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 14.10.2021-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı evdə olarkən qızının boşanmaq ərəfəsində olduğu kürəkəni Muradov Hikmət pəncərəni döyərək nalayiq ifadələrlə X5 çağırmağa başlamış, o, bayıra çıxaraq Hikmətdən çıxıb getməsini tələb etmiş, belə dedikdə Hikmət nalayiq söyüşlər söyərək küçədə onu təhqir edib üzərinə gələrək əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vurub onu döyərək əli ilə itələyib yerə yıxmışdır. Bundan sonra Hikmət avtomobilə əyləşib onun üzərinə sürmüşdür. Bu zaman qızı Aynur əlində ağac parçası ilə bayıra çıxmış, o, qızının əlindən ağac parçasını alıb özünü qorumaq üçün Hikmətə məxsus avtomobilə tərəf atmışdır. Bu zaman avtomobilin qabaq alın şüşəsi sınmışdır. Bundan sonra Hikmət də çıxıb getmişdir. Bundan başqa aralarında heç nə olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, o, Şəxs qızı X8 ilə 28.03.2021-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, daha sonra isə ayrılmışdır. 14.10.2021-ci il tarixdə saat təxminən 11 radələrində bacısı X9 ona zəng edərək Gəncə şəhəri 30 nömrəli məktəbə gəlməyi, həmin məktəbdə oxuyan azyaşlı uşaqlarının xəstələndiyini demiş, o da dərhal Gəncə şəhər 30 nömrəli tam orta məktəbə getmiş, həmin məktəbdən bacısı və azyaşlı uşaqlarını da götürüb onların yaşadıqları Gəncə şəhəri Cavadxan qəsəbəsində keçmiş qayınanası Şəxs ilə qonşuluqda yerləşən evə aparmışdır. O, bacısıgilə gəldikdən bir neçə dəqiqə sonra keçmiş həyat yoldaşı Məmmədova Aynur, onun anası Şəxs, əmisinin arvadı Məmmədova Tanya, qardaşı Məmmədov İsa bacısıgilin evinin darvazasını döyərək ondan çıxıb getmələrini tələb etmiş, küçədə onun ünvanına söyüşlər söymüş, küçədə açıq sahədə saxladığı Opel Astra markalı, ** ED *** dövlət nömrə nişanlı avtomaşının qabaq alın şüşəsini, qabaq kapot hissəsini və arxa sol dayanma işıq şüşələrini qəsdən vurub sındıraraq onun əmlakına ziyan vurmuşdur. Həmin vaxt qaynanası Şəxs, arvadı Aynur Məmmədova, arvadının əmisi arvadı olan Tanya Məmmədova onu nalayiq söyüşlərlə söyərək təhqir etmişlər. Daha sonra oraya tanımadığı qonşular da gəlmiş, bundan sonra o, qapıdan çıxıb avtomobilinə əyləşib getmişdir. O, darvazadan çıxdığı zaman X10 əlində ağac parçası olduğunu görmüşdür və hesab edir ki, onun avtomobilinə Məmmədov İsa zərər vurmuşdur. O, bayıra çıxdıqda heç kimlə, o cümlədən Şəxs ilə dalaşmamış, heç bir şəxsi, o cümlədən Şəxs vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirdi ki, 14.10.2021-ci il tarixdə saat təxminən 12 radələrində evdə olmuş və yatmışdır. Küçədə səs-küy olduğu üçün yuxudan oyanıb bayıra çıxmış, anasının yerdə yıxılmış vəziyyətdə olduğunu görmüş və bacısının keçmiş həyat yoldaşı Hikmətin anasını vurduğunu eşitmişdir. Həmin vaxt Hikmət avtomobilinə oturub hadisə yerindən uzaqlaşmış, o da avtomobilin arxasınca bir az qaçdıqdan sonra geri qayıtmışdır. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, protokolu və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıbtoplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolda Şəxs X3 avtomobilinin arxa hissəsindən daşla vuraraq avtomobilə 600 manat maddi ziyan vurduğu göstərilsə də zərərçəkmiş şəxs izahatında onun avtomobilinə zərər vurmuş şəxsin X12 olduğunu bildirmişdir. Şəxs zərərçəkmiş şəxsin avtomobilinin alın şüşəsinə bir dəfə ağacla vurduğunu bildirmişdir. Protokolda avtomobilin arxa hissəsindən daşla vurulduğu bildirilsə də protokola əlavə edilmiş Gəncə Avtomotoservis Ticarət müəssisəsindən verilmiş rəydə avtomobilin ön alın şüşəsinin, kapotunun, ön sağ qanadının və arxa sol fənərinin zədələndiyi və yekunda avtomobilə vurulmuş zərərin miqdarı 600 manat göstərilmişdir. Göründüyü kimi protokolun məzmunu ilə işdə iştirak edən şəxslərin izahatları və rəy ziddiyyət təşkil edir. İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulan ziyanın miqdarı həm inzibati xəta tərkibinin müəyyən olunması, həm də tətbiq ediləcək inzibati cərimənin miqdarının müəyyən edilməsi üçün zəruridir. Vurulmuş zərərin həcmi rəydə başqa cür, protokolda başqa cür göstərildiyi halda zərərin miqdarı rəyə uyğun müəyyən edilmişdir. Bu halda protokolda göstərildiyi kimi zərərçəkmiş şəxsin avtomobilinin arxa sol fənərinin Şəxs tərəfindən sındırıldığı qəbul edilərsə digər zərərin kim tərəfindən vurulması məsələsi müəyyən edilməmiş qalır. Eyni zamanda zərərçəkmiş şəxsin əmlakına ziyan vurmuş şəxsin kimliyi də mötəbər sübutlar əsasında müəyyən edilməmişdir. Hadisənin gündüz vaxtı, yaşayış evlərinin sıx olduğu küçədə olması nəzərə alınaraq hadisə yerində həmin hadisəyə aid olmayan şahidlərin olması istisna olunmasa da həmin şəxslər müəyyən edilməmiş, bu şəxslər barədə məlumatlar protokolda göstərilməmişdir. Qeyd olunan çatışmazlıqlar məhkəmə baxışı zamanı da aradan qaldırılmamışdır. Belə olan halda hadisəyə düzgün hüquqi qiymət verilməsi mümkün deyildir. İnzibati xəta haqqında iş üzrə icraatda sübutların toplanması və təqdim edilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin üzərinə düşdüyündən qeyd olunan natamamlıqların aradan qaldırılması üçün inzibati xəta haqqında material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar