Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-901/2021 10.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 izahatında bildirdi ki,xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Şəxs barəsində olan Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 4301/17 saylı, 17.08.2016-cı il tarixli icra sənədinə əsasən 1080 (min səksən) manat alınaraq X7ma ödənilməlidir. Hazırda qətnamə üzrə mövcud borc 320 (üç yüz iyirmi) manat təşkil edir. Borclu Şəxs tələbi könüllü icra etməsi üçün bildiriş təqdim edilməklə 10 (on) gün müddətinə vaxt verilmişdir. Lakin bu müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Belə ki, borclu Şəxs idarəyə dəvət olunaraq izahatı alınaraq ona hüquq və vəzifələri izah olunmuş, borclu izahatında öhdəsinə düşən borcu ödədiyini bildirmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 8(043)-691/17 saylı qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 8(043)-129/18 saylı qərardadına əsasən borclu Şəxs Gəncə şəhəri üzrə icra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır və 24.05.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Polis idarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməmişdir. Hazırda tələbkara borcunu ödəmişdir və tələbkarın ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahatında bildirdi ki, borclu Şəxs ona olan borcunu ödəmişdir. Hazırda şikayət və tələbi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, 02 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4301/2016 saylı, 17 avqust 2016-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər Şəxs və X1 müştərək qaydada iddiaçı X2 xeyrinə 1050 (bir min əlli) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması qət edilmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4301/2016 saylı, 17 avqust 2016-ci il tarixli icra sənədi əsasında 28.10.2016-cı il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyəti sənədlər borclu Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, məhkəmə iclasında tələbkar və borclu öz aralarında razılıq əldə olunması barədə məhkəməyə ərizə vermiş, tələbkar şikayət və tələbinin olmadığını, borc məbləğinin ona ödənildiyini, borclu barəsində başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(043)-901/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-901/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver