Məhkəmə qərarları › İş №3(043)-905/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-905/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-905/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs oğlu Kəpəz RPİ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlətmiş onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, 04.12.2021-ci il tarixdə azyaşlı övladına dərman almaq məqsədi ilə dostuna məxsus VAZ 2107 markalı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən aptekə getmiş və aptekin qarşısında dövlət yol polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobildə konstrksiyasına dəyişikliyi barədə və müəyyən pozuntulara görə avtomobili duracağa aparılmasını bildirmişlər. O isə bildirmişdir ki, uşağına dərman almaq üçün çıxmışdır. Dərmanı aldıqdan sonra gələcəkdir.Polis əməkdaşları isə razı olmamışlar.Onu Kəpəz Rayon Polis İdarəsinə gətirmişlər əsəbi olduğu üçün nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən səmimi peşiman olduğunu vəbir daha belə hallara yol verməyəcəyini bildirdi. İnzibati materiala əlavə edilmiş 06.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu Kəpəz RPİ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlətmiş onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan 04.12.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu 04.12.2021-ci il tarixdə saat 16:05-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının təyini məqsədilə aparılan 04.12.2021-ci il tarixli, 1486/2021 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs oğlu tibbi müayinə zamanı orta dərəcəli sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla yanaşı özünün ifadəsi ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlu törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs oğlunun inzibati xətanı sərxoş halda törətməsini İXM-in 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs oğlunun əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını İXM-in 32.1.1,32.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 112, 114, 115, 117, 128, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar