Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-91/2022 21.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin 27.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin müdiri tərəfindən onun barəsində qəbul edilmiş 27.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında 27.01.2022-ci il tarixli MN № ******* qərarı ilə o, İXM-nin 247.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Həmin qərarın surətini o, rəsmi qaydada poçt vasitəsi ilə 03.02.2022-ci il tarixdə almışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin qərarı əsassızdır və qeyri obyektivdir. Belə ki, ona 02.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə yaşayış məntəqələrinin torpaqlarından mülkiyyətinə ünvan 1 ünvanda yerləşən 0,0328 ha ölçüdə olan torpaq sahəsinə çıxarış verilmiş və o, həmin torpaq sahəsində köhnə evin yerində təzə yaşayış binası tikmək üçün Memarlıq planlaşma bölməsindən eskiz layihəsi götürüb ev inşa etməyə başlamışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən həmin fərdi yaşayış evinin layihəsinə dair irad mövcud olmamışdır. Layihəyə əsasən evin küçəyə baxan hissəsində əvvəllər 5 ədəd pəncərə tikilməsi nəzərdə tutulmuş, lakin sonra o, fikrini dəyişdirərək həmin hissədə 3 ədəd bir az ölçüsü böyük pəncərə tikdirməyə qərara gəlmiş və bu barədə Memarlıq planlaşma bölməsinə müraciət olunmuş və bölmə tərəfindən razılıq verilmişdir. Həmin evi inşa edərkən Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin əməkdaşları gələrək ona bildirmişlər ki, guya “o, mülkiyyətində olan həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etməyərək orada qeyri yaşayış binasının tikintisini aparır”. Bu həqiqətə uyğun deyil. O, hazırda ailəsi ilə birlikdə kirayədə yaşayaraq bu evi inşa edib, köçüb öz evində yaşamaq istəyir. O, heç bir qeyri yaşayış binası tikmir və tikdirmək fikri də yoxdur. Əgər o, qeyri yaşayış binası tikdirmək istəsə idi, əvvəl razılığını alıb sonra isə rahat inşa edə bilərdi. Bundan başqa, hazırda inşa etdiyi evin küçəyə baxan hissəyə heç bir qapı qoyulmamış, yəni qeyri yaşayış binası tikilmir. Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsi haqlı olmamışdır. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin müdiri tərəfindən qəbul edilmiş 27.01.2022-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X2 mülkiyyətində olan həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etməyərək, orada qeyri-yaşayış binasının tikintisini aparmışdır. Bu səbəbdən İXM-in 241.1-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0,0328 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 111,1 kv.m fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş 03.11.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən 328,0 kv.m torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı çərçivəsində inşa etmək istədikləri fərdi yaşayış evinin lahiyəsinə dair irad mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, X1 mülkiyyətində olan ünvan 4 ünvanının yerləşdiyi torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqlarına aiddir. Belə olan halda məhkəmə qeyd edir ki, həmin torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq istifadə edilməsi halı müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə qeyd edilmişdir ki, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri daxildir. İş materiallarında olan foto şəkillərdən və yaşayış evinin planından görünür ki, X1 mülkiyyətində olan ünvan 4 ünvanda tikilmiş tikili inzibati tənbeh vermə haqqında qeyd edildiyi kimi, qeyri-yaşayış sahəsi deyil, yaşayış sahəsidir. Digər tərəfindən, məhkəmə qeyd edir ki, Afət Həsənova tərəfindən ona məxsus torpaq sahəsində qeyri-yaşayış binası tikilmiş olsa idi belə, onun əməlində qeyd edilən inzibati xətanın tərkibi yaranmayacaqdı. Belə ki, Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaq sahəsində yalnız yaşayış evi deyil, icmai iaşə, mədəni-məişət, ibadət və ya digər tikililər də tikilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, X1 İXM-nin 247.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından, X1 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsi tərəfindən X2 barəsində qəbul edilmiş 27.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-91/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-91/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver