Məhkəmə qərarları › İş №3(043)-914/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-914/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-914/2021 07.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 06.12.2021-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan zaman onu nizam intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ Kəpəz RPİ-nin İTB-nin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, protokolda tərtib edilmiş inzibati xəta hadisəsi onun tərəfindən törədilməmişdir. Belə ki, o, heç kəsə qarşı nalayiq ifadələr işlətməmiş, heç bir polis əməkdaşı da ona yaxınlaşaraq onu nizam-intizama dəvət etməmişdir. O, üç nəfər başqa şəxslə birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsində tikilməkdə olan fərdi yaşayış evində fəhlə işləyir. İş yoldaşlarından birinin iş yerində pul qabı itmiş, o isə onlardan şübhələnmişdir. Razılaşmışlar ki, 06 dekabr tarixində Kəpəz Rayon Polis İdarəsinə gedib məsələni aydınlaşdırsınlar. Həmin gün digər yoldaşları ilə telefonla danışıb Kəpəz Rayon Polis İdarəsinə gəlmişdir. Bundan sonra onun barəsində protokol tərtib edərək məhkəməyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X3 bildirdi ki, 06.12.2021-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsinin ərazisində xidmətdə olarkən adı ona sonradan məlum olan Şəxs telefonda danışarkən uca səslə nalayiq ifadələr işlətdiyini görmüş və ona özünü təqdim edərək, nizam-intizama dəvət etmiş, lakin Şəxs onun qanuni tələbinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra o, Şəxs oğlunu gətirib Kəpəz RPİ-nin Növbətçi Hissəsinə təhvil vermişdir. Hadisə yerində kənar şəxslər, eləcə də Şəxslə birlikdə işləyən şəxslər olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxs Şəxs оğlunun bаrəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur. Belə ki, protokol tərtib olunarkən şahidlərin dairəsi müəyyən edilməmiş protokola onlar barədə məlumatlar daxil edilməmişdir. Hazırkı işdə şahidlərin dairəsinin müəyyən edilməsi və onların izahatları mühüm əhəmiyyət kəsb edir. Belə ki, barəsində icraat aparılan şəxs ümumiyyətlə inzibati xəta hadisəsinin baş vermədiyini, onu saxlamış polis əməkdaşı isə həmin hadisənin baş verdiyini bildirir. Belə olan halda neytral şəxslərin izahatları olmadan hadisənin olub-olmaması barədə qəti nəticəyə gəlmək mümkün deyildir. İzahatlardan hadisə barədə məlumatlı olan digər şəxslərin olması görünsə də həmin şəxsləri məhkəmə iclası çərçivəsində müəyyən edib dindirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r а r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər BPİnin Kəpəz Rayon Polis Şöbəsinin İTB-in sаhə rəisi, pоlis mayoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar