Məhkəmə qərarları › İş №3(043)-930/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-930/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-930/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Gəncə şəhəri BPİ-in Kəpəz RPİ-in İTB-in polis sahə rəisi Hüseynov Zaur Qabil oğlu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1978-ci il tarixdə Daşkəsən rayonu, Qaratağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Qaratağlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 13 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi Hüseynov Zaur Qabil oğlu tərəfindən tərtib olunmuş 11 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 11.12.2021-ci il tarixdə Depo qəsəbəsində ucadan nalayiq ifadələr işlədən zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Hüseynov Zaur Qabil oğlu izahatında göstərdi ki, Şəxs 11.12.2021-ci il tarixdə Depo qəsəbəsində ucadan nalayiq ifadələr işlədən zaman onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, öz hərəkətlərinə Kəpəz rayon Polis İdarəsinin inzibati binasında da davam etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 11.12.2021-ci il tarixdə Depo qəsəbəsində qonşusu və tanışı İntiqam adlı şəxslə mübahisə edən zaman, əsəbi olduğundan uca səslə nalayiq ifadələr işlətmişdir. Lakin, o polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin Post-Patrul xidməti tağımının polis nəfəri X3 izahatında bildirdi ki, 11.12.2021-ci il tarixdə saat 18 radələrində X4 ilə birlikdə 18 saylı marşrut xəttində xidmətdə olan zaman adı onlara məlum olmayan şəxs onlara yaxınlaşaraq, yeni tikilən deponun yaxınlığında münaqişə olduğunu bildirdi. Onlar həmin yerə yaxınlaşan zaman, adı onlara sonradan məlum olan Şəxs və İntiqam Həsənov adlı iki nəfər şəxsin mübahisə etdiyini görmüşlər. Onlar həmin şəxsləri nizam intizama dəvət etsələr də, həmin şəxslər ucadan ünvanlı-ünvansız söyüşlər söymüş, polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişlər. Daha sonra köməyə başqa patrul maşını çağırmış və həmin şəxsləri Kəpəz RPİ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Həmin şəxslər polis idarəsində də səs-küy salaraq nalayiq ifadələr işlətməyə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin Post-Patrul xidməti tağımının polis nəfəri X1 İlham Şöhrət oğlu ilə eyni məzmunlu izahat verdi. “İnzibati qaydada tutma haqqında” 11 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:35də tutulmuşdur. “Sərxoşluğun müəyyən edilməsi haqqında” protokoldan görünür ki, 11 dekabr 2021-ci il tarixdə Şəxs orta dərəcəli sərxoş olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, inzibati xətanın sərxoş halda törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 11 dekabr 2021-ci il tarixdən saat 18:35-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar