Məhkəmə qərarları › İş №3(043)-932/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-932/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-932/2021 13.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızının və tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi (anası) X1 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 bildirdi ki, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş AR-nın vətəndaşı, evli, Gəncə şəhəri, H-Şəh-84., 1„27 ünvanında yaşayan X3 Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)- 681/2021 saylı, 09.07.2021-ci il tarixli icra sənədinə əsasən hər ay bir uşağın saxlanılması üçün 100 (yüz) manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X9 tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq göndərilmiş, lakin borclu icra sənədində göstərilən borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda borclu X6 ödənilməmiş 1100 (min yüz) manat aliment tələbi ilə bağlı borcu vardır. Belə ki, borclu X11 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən X11 Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızı izahatında bildirdi ki, onun əlilliyi və ya himayəsində heç bir azyaşlı uşağı yoxdur. Hazırda heç bir yerdə işləmir. İcra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişi və xəbərdarlığı şəxsən almışdır. Maddi imkanı olmadığı üçün indiyədək aliment borcundan heç bir ödəniş etməmişdir. ünvan 4 ünvanında kirayədə yaşayır. Əvvəl evlərdə təmizlik işləri ilə məşğul olmuşdur. Hazırda isə işsizdir. O dekabr ayının sonu aliment borcundan 50 manat ödəniş edə bilər. 2022-ci il tarixdən isə hər ay 100 manat məbləğində ödəniş edə bilər. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi (anası) X4 izahat verərək bildirdi ki, borclu İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızının 1100 (bir min yüz) manat məbləğində aliment borcu vardır. Borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Aliment borcunun təklif olunan qaydada hissə-hissə ödəniş ilə razı deyildir və aliment borcunun tam ödənilməsini istəyir. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızı tərəfindən icra sənədinin tələbi üzrlü səbəb olmadan icra edilməmiş, icra sənədindən göstərilən məbləğdə və qaydada aliment öhdəliyi icra edilməmiş, nəticədə icra sənədi üzrə 1100 (bir min yüz) manat aliment borcu yaranmış, məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-681/2021 saylı, 09.07.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 5 fevral 2004-cü il təvəllüdlü X2 və 14 iyun 2008-ci il təvəllüdlü X7 18 yaşa çatanadək saxlanılmaları üçün X3 hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 (yüz) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulmasının əvvəli 14.12.2020-ci il tarixdən hesablanması qət edilmiş, 16.07.2021-ci il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi üzrə borclu tərəfindən icra edilməmə nəticəsində 1100 (bir min yüz) manat aliment borcu yığılmışdır. Yığılmış borcun məbləğindən məlum olur ki, borclu tərəfindən uzun müddətdə aliment məbləğini icra sənədində göstərilən qaydada icra edilməmiş və bu hal onu deməyə əsas verir ki, borclu İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızı məhkəmə qətnaməsi ilə razılaşmamış və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment öhdəliyinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. Belə ki, iş materiallarından görünür ki, həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızına tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun və tələbkarın nümayəndəsinin ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızının törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini, borc məbləğini, qəbul ediləcək qərarın gələcəkdə icrasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və həbsdə sаxlаmа müddətinin əvvəli 13 dekabr 2021-ci il tаrixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayılova (Aydınlı) Kəmalə Nəsib qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli 13 dekabr 2021-ci il tаrixdən hesablansın. Qərаrın icrаsı Gəncə şəhəri üzrə İcra İdarəsinə və Gəncə şəhər Bаş Pоlis İdаrəsinin X13 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar