Məhkəmə qərarları › İş №3(043)-933/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-933/2020

11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-933/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Kəpəz rayonu, R.Qasımov 28 A ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, X6 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-777/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün rəsmi bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclu icra sənədində göstərilən aliment ödənişini vaxtı-vaxtında ödəmədiyi üçün onun 2840 manat aliment borcu yaranmışdır. Tələb müəyyən edilmiş müddət ərzində borclu Şəxs tərəfindən ödənilmədiyindən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar təqdim edilmiş, borcun ödənilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən borcunu vaxtı-vaxtında ödəmir. Borclu müxtəlif vaxtlarda hissə-hissə ödənişlər etmişdir, bununla belə onun 2840 manat aliment borcu qalmışdır. Borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment borcunu inkar etmir. Borcunu ödəmək niyyətindədir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Maddi imkanın yol verdiyi həddə aliment borcunu ödəməyə çalışır. Belə ki, pandemiya dövründə iş tapa bilmədiyinə görə aliment borcunu ödəməkdə çətinlik çəkmişdir. Lakin, son iki ay ərzində hər dəfə icra sənədində göstərilən məbləğdən də artıq məbləğdə ödənişlərini həyata keçirmiş, bundan sonra da həmin qaydada ödənişlərini edəcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb, qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan X6 Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(043)-2832/2017 saylı icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən və qəbzlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu aliment borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə aliment borcunu ödəməyə çalışmışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə 150 manat, xx.xx.2019-cu il tarixdə 120 manat, xx.xx.2019-cu il tarixdə 120 manat, xx.xx.2020-ci il tarixdə 130 manat, xx.xx.2020-ci il tarixdə 130 manat, xx.xx.2020-ci il tarixdə 150 manat və sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə 200 manat aliment borcundan ödəniş etmişdir. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu müxtəlif tarixlərdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmış, hətta onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdən qısa müddət əvvəl də məhkəmə qətnaməsinin icrası ilə əlaqədar o, 200 manat ödəniş etmişdir. Şəxs 2020-ci ilin digər aylarında aliment borcundən ödəniş edə bilməməsini, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iş tapa bilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu müxtəlif tarixlərdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmış, xüsusən son iki ay ərzində o, hər ay icra sənədində göstərilən məbləğdən də artıq məbləğdə aliment borcundan ödəniş etmişdir. Bundan başqa, protokola əlavə edilmiş sənədlərdən görünür ki, icra icraatı zamanı borclunun əmlakı barədə müvafiq qurumlara sorğular verilmiş, onun adına daşınar və daşınmaz əmlakların olmaması, pensiya və sosial müavinət almaması, banklarda pul vəsaitinin olmaması müəyyən edilmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar