Məhkəmə qərarları › İş №3(043)-947/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-947/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-947/2021 16.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 16.12.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş 16.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 14.12.2021-ci il tarixdə X2 istifadəsində olan “My Brend” adlı mağazaya qapısını sındırmaqla daxil olmuş, ümumi dəyəri 90 manat olan 1 ədəd kişi gödəkçəsi və 1 ədəd kişi köynəyi oğurlamışdır. Ümumilikdə oğurladığı əşyaların dəyəri 90 manat, mağazanın qapısına vurduğu maddi ziyan 15 manat təşkil edir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 232-1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona isnad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd olunan əməli törətmişdir. Həmin əməli geyim əşyasına ehtiyacı olduğu üçün törətmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs onun istifadəsində olan geyim mağazasına qapısını sındırmaqla daxil olmuş, mağazadan 1 ədəd kişi gödəkçəsi və 1 ədəd kişi köynəyi oğurlamış və nəticədə ona geyim əşyalarına görə 90 manat miqdarında, mağazanın qapısına görə 15 manat miqdarında maddi zərər vurmuşdur. Odur ki, onun barəsində qanunamüvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15.12.2021-ci il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməli törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci və 232-1-ci maddələrinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” 15.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli və İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu 15.12.2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində 1 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 15 dekabr 2021-ci il tarixdən saat 18:00-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar