Məhkəmə qərarları › İş №3(043)-958/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-958/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-958/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilərək material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edirəm ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon İTB tərəfindən tərtib olunmuş 16 noyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, protokolun imzalanmamasının səbəbləri göstərilməmişdir. Digər tərəfdən protokolda inzibati xəta nəticəsində X1 əmlakına ziyan vurulduğu göstərilsə də həmin ziyanın məbləği göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində vurulan ziyanın miqdarı həm inzibati xəta tərkibinin müəyyən olunması, həm də tətbiq ediləcək inzibati cərimənin miqdarının müəyyən edilməsi üçün zəruridir. Protokolda ziyanın miqdarı göstərilməmiş, eləcə də ziyanın hansı həcmdə vurulmasını təsdiq edən heç bir sübut protokola əlavə edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar