Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-96/2022 14.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X2, zərər çəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 89 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 227 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material 14 fevral 2022-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən tərtib olunmuş 14 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 11.02.2022-ci il tarixdə Gəncə şəhəri, 4-cü mikrorayon, 16 saylı binanın qarşısında dəyəri 120 manat olan bir ədəd metal borunu oğurlamış, polis əməkdaşlarının tələblərinə qəsdən tabe olmamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 277 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin polis sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs 11.02.2022-ci il tarixdə Gəncə şəhəri, 4-cü mikrorayon, 16 saylı binanın qarşısında dəyəri 120 manat olan bir ədəd metal borunu oğurlamışdır. Buna görə ona polis idarəsinə gəlməsi təklif olunarkən o, səs-küy salaraq, polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin, onun əməli İnzibati Xətalar Məcəlləsinin 277 və 535.1-ci maddələri ilə inzibati məsuliyyət yaratdığından, bu barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməlləri törətmişdir. Onun pula ehtiyacı olduğuna görə oğurluq etmişdir. Polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis idarəsinə dəvət etdiyi zaman tabesizlik göstərmişdir. Törətdiyi əməldən peşmandır. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında bildirdi ki, Şəxs ona məxsus 120 manat məbləğində borunu oğurlamışdır. O, Şəxs dəymiş zərərin ödənilməsini tələb edir. Odur ki, onun barəsində qanunamüvafiq tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 12.02.2022ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14.02.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Kəpəz RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizələri əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, daha ciddi xəta olan İXM-in 227-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 12 fevral 2022-ci il tarixdən saat 23:30-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №3(043)-96/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-96/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver