Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-960/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, zərərçəkmiş şəxslər X3 və X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 20 dekabr 2021-ci il tarixli protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 02.10.2021-ci il tarixdə zərərçəkmiş X2 420 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. MN № ******* saylı protokolda qeyd edilir ki, Şəxs 03.10.2021-ci il tarixdə X5 məxsus 400 manat pulu işə düzəltmək adı ilə aldadıb alaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X9 protokollarda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, tanışı Ramil adlı şəxslə 01.10.2021-ci il tarixdə söhbət edən zaman Ramil ondan “Polat AŞ” şirkətinə sürücü kimi işə düzəltməyi xahiş etmişdir. O, Ramilə onu işə düzəldə biləcəyini lakin, 550 manat pul lazım olmasını demişdir. Həmin vaxt Ramil ona 550 manat pul vermişdir. Bundan sonra Ramilin dostu kimi tanıdığı X11 da ona iş üçün müraciət etmişdir. Faiq Məmmədovu işə düzəltmək üçün ondan 1050 manat pul almışdır. O özü əvvəllər həmin şirkətdə sürücü işlədiyi üçün işə götürən şəxslərlə münasibəti olmuşdur. Aldığı pulları həmin şirkətdə işləyən şəxsə vermiş, lakin sonradan işin düzəlməsi prosesi uzandığı üçün zərərçəkmiş şəxslər pullarını ondan geri istəmişdir. O da verdiyi pulu şirkətdən götürümüş və 120 manat Ramilə, 650 manat isə Faiqə qaytarmışdır. Qalan pulları ehtiyacına sərf etmiş, qaytara bilməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X12 bildirdi ki, Şəxs onu Türkiyə Respublikasının Azərbaycan Respublikası ərazisində yol təmir tikintisi sahəsində fəaliyyət göstərən “Polat AŞ” şirkətində sürücü kimi işə düzəldəcəyini vəd verib bu məqsədlə 550 manat məbləğində pul verilməli olduğuna inandırıb 02 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri Atatürk prospekti 237, 03 nömrəli binanın yaxınlığında ondan 550 manat pul alaraq vədinə əməl etməyərək onu aldatmışdır. Sonradan işin düzəlmədiyini görüb pulunu geri tələb etdikdə Bəxtiyar onun pulundan hissə-hissə 50 manat, 30 manat və 50 manat olmaqla ümumilikdə 130 manat qaytarmış, 420 manat isə borcu qalmışdır. Pulu qaytarılmadığı üçün polisə şikayət etmişdir. Odur ki, Şəxs məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 bildirdi ki, o, Şəxs 15 il olar ki, tanıyır. Bəxtiyarla o, qonşuluqda yaşamışdır. 02.10.2021-ci il tarixdə ailə üzvləri ilə Bakı şəhərində olan zaman Bəxtiyar ona mobil telefon vasitəsi ilə zəng edərək “Polat AŞ” yol şirkətində iş olduğunu və sənədlərin düzəlməsi üçün 650 manat pul lazım olduğunu demiş oda həmin vaxt üzərində pul olmadığı üçün yeznəsi X6 zəng edərək Bəxtiyarın kart hesabına 650 manat pul vurmaq lazım olduğunu demiş və yeznəsi X13 Cəlilovun kart hesabına 650 manat pulu N.Nərimanov prospektində yerləşən Bazar Store marketin qarşısında Milli ön ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. O həmin şirkətdə sürücü kimi fəaliyyətə başlamalı imiş və əmək haqqı 1260 manat olacaqdı. 03.10.2021-ci il tarixdə Gəncə şəhərində olan zaman Bəxtiyar ona yenidən zəng vuraraq əlavə 400 manat pul lazım olduğunu və 400 manat da versə həmin şirkətdə sürücülərə nəzarət edəcəyini və buna görə də əlavə əmək haqqı alacağını demişdir. Bundan sonra o 400 manat pulu Şəxs ilə Gəncə şəhəri N.Nərimanov prospektində yerləşən Bazar Store marketin qarşısında görüşüb vermişdir. Həmin vaxt Şəxs ona 2 günə işə başlayacağını demiş, lakin 2 gün sonra o Bəxtiyar ilə əlaqə saxlayan zaman Bəxtiyar ona narahat olmamasını yenidən 2 gün gözləməsini demişdir. 01.11.2021-ci il tarixdə Bəxtiyar ona verdiyi ümumilikdə 1050 manat pulu geri qaytarmadığına və onu işlə təmin etmədiyinə görə yeznəsi Mətləb Nəbiyev 102 xidmətinə müraciət etmişdir. 11.11.2021-ci il tarixdə özü Kəpəz RPB-yə yaxınlaşaraq bu barədə müraciət etmişdir. Onun ümumilikdə 1050 manat pulu Şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmişdir. 1050 manat pulun 650 manatını Şəxs ona qaytarmışdır. Hal-hazırda Şəxs ona 400 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 26.11.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs X7 işə düzəltmək məqsədi ilə ondan 500 manat pulu dələduzluq yolu ilə əldə etməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz RPİ TB-nin təhqiqatçısının 11.11.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs X8 işə düzəltmək məqsədi ilə ondan 1050 manat pulu dələduzluq yolu ilə əldə etməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayət tərkibinin əlamətləri müşahidə edilir. Belə ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət zərərçəkmiş şəxsə beş yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Barəsində icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarından aydın göründüyü kimi Şəxs zərərçəkmiş şəxslərdən işə düzəltmək adı ilə müvafiq olaraq 550 və 1050 manat məbləğlərində pul almış, sonradan həmin məbləğin bir hissəsini geri qaytarmışdır. Bu hallar cinayət işinin başlanması haqqında qərarlarda göstərilsə də vurulmuş zərərin bir qisminin ödənilməsinin cinayət məsuliyyətini istisna etməsi anlaşılan deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətləri olduğundan, lakin həmin faktlarla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edildiyindən hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq materiallar Gəncə şəhər prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və materiallar Gəncə şəhər Prokurorluğuna göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-960/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-960/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver