Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-964/2021 23.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X9 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 23 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X15 tərəfindən tərtib olunmuş 23 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 23.12.2021-ci il tarixdə saat 10:00 radələrində “İmperial” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qardaşının avtomobilinin DYP əməkdaşları tərəfindən saxlanıldığı üçün oraya gedərək həmin yerdə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X15 izahatında göstərdi ki, Şəxs 23.12.2021-ci il tarixdə saat 10 radələrində “İmperial” yanacaqdoldurma məntəqəsinin yaxınlığında qardaşının avtomobilinin DYP əməkdaşları tərəfindən saxlanıldığı üçün oraya gedərək həmin yerdə ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Gəncə şəhəri A.Səhhət adına xəstəxanada mühafizəçi işləyir. Mercedes Benz E-200 markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında almışdır. X7 sürücülük vəsiqəsi və etibarnaməsi olmasa da avtomobili lazım olduqda idarə etmək üçün qardaşına verir. 23 dekabr 2021-ci il tarixdə saat 10 radələrində qardaşı ona telefonla zəng edərək təcili “İmperial” yanacaqdoldurma məntəqəsinə gəlməsini istəmişdir. O, tez yanacaqdoldurma məntəqəsinə getmiş və qardaşının polis əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Əvvəlcə qardaşının kimləsə dalaşdığını düşünmüş, sonradan isə qardaşının avtomobili dövlət qeydiyyat nişanları olmadan sürdüyü üçün polis əməkdaşları tərəfindən saxlanıldığını bilmişdir. Qardaşı çox əsəbi olduğu üçün onu sakitləşdirməyə çalışmışdır. Polis əməkdaşlarına hər hansı söyüş söyməmiş, onların qanuni fəaliyyətinə mane olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X4 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Şəxs istəmədən bu hadisələrə daxil olmuşdur. Onun əməlində hər hansı inzibati xəta tərkibi olmamış və hadisə zamanı heç kəsə nalayiq ifadələr işlətməmişdir. Onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 510 və 535.1-ci maddəsinin tərkibi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin taqım komandiri, polis kapitanı X5 bildirdi ki, 23.12.2021-ci il tarixdə səhər saatlarında “Dəyirmanın dairəsi” adlanan yerdə xidmətdə olan zaman “Mercedes Benz E Class” markalı avtomobilin nömrəsiz olduğunu görmüşlər, həmin avtomobilə saxlaması üçün işarə etmişlər və avtomobilin sürücüsü sonradan adı onlara məlum olan Rövşən avtomobili saxlamışdır. Ondan avtomobili niyə nömrəsiz idarə etdiyini soruşduqda cavabında nömrəni yazdırmağa verdiyini bildirmişdir. Sonra nömrənin avtomobilin salonunda olduğunu görmüşlər və nömrəyə baxdıqda müdaxilə olunduğunu, nömrənin üzərinə qara rəngli lentlər yapışdırılaraq **-VZ-*** nömrəsinə bənzədildiyini görmüşlər. Bundan sonra avtomobili duracağa aparmaq istədikdə Rövşən səs-küy salmağa başlamış və kiməsə zəng etmişdir. Bir müddət sonra “Mercedes Benz E Class” markalı avtomobil dayanmış və sonradan adı onlara məlum olan Ağa adlı şəxs avtomobildən düşmüş, onlara yaxınlaşaraq qazi olduğunu və avtomobili heç yerə apara bilməyəcəklərini kobud formada onlara demişdir. Onlar avtomobili duracağa aparmaq istədikdə həm Rövşən, həm də Ağa onlarla ucadan nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamışlar. Bu zaman ətrafda çoxlu şəxslər toplanmış, Ş.İ.Xətai prospektinin bir tərəfində hərəkət tamamilə dayanmışdır. Məcburiyyət qarşısında qalıb post patrul xidmətinin əməkdaşlarını hadisə yerinə çağırmış, post patrul xidməti əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsi polis şöbəsinə aparmışdır. Rövşən və Ağa post patrul xidmətinin əməkdaşları ilə də mübahisə etmiş və öz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin DYPŞ-nin əməkdaşı X1 Ceyhun Vilayət oğlu ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin PPX-nin polis nəfəri baş serjantı X3 bildirdi ki, 23.12.2021-ci il tarixdə ərazidə xidmətdə olan zaman DYPŞ-nin əməkdaşları onları Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “İmperial” yanacaqdoldurma məntəqəsinə köməyə çağırmış, onlar hadisə yerinə getdikdə orada çoxlu şəxslərin yığıldığını və sonradan adlarını öyrəndikləri Rövşən və Şəxs polis əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Rövşən daha aqressiv olduğu üçün ilk növbədə onu patrul avtomobilinə mindirmək istədikdə Ağa avtomobilin qapısının açılmasına mane olmağa çalışmışdır. Bundan sonra Ağanı da Rövşənlə birlikdə patrul avtomobilinə mindirərək polis şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin Post Patrul Xidmətinin əməkdaşı X6 digər şahid X3 ilə eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 23 dekabr 2021-ci il tarixdə saat 10:29-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidlərin izahatları ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, yol patrul xidməti əməkdaşlarının öz vəzifələrini icra etməsinə mane olmuş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Onun bu hərəkətləri şahidlərin şübhə doğurmayan və bir-biri ilə üst-üstə düşən izahatları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 23 dekabr 2021-ci il saat 10:29-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-964/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-964/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver