Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-967/2021 27.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 232-1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 227, 232-1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 27 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X3 tərəfindən tərtib olunmuş 27 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22.12.2021-ci il tarixdə idarə etdiyi ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilinə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən yanacaq doldurma məntəqəsində 27 manatlıq benzin vurduqdan sonra ödənişi etməyərək, yüksək sürətlə oradan uzaqlaşmış və bu zaman məntəqəsinin 100 manat dəyərində yanacaqdolduran alətini qəsdən zədələmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X3 tərəfindən tərtib olunmuş 27 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 25.12.2021-ci il tarixdə saat 22 radələrində Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Kəpəz RPİ-nə 22.12.2021-ci il tarixdə törətdiyi əməl üçün gətirilərkən yüksək səslə nalayiq ifadələr işlətməyə başlamış və dəfələrlə xəbərdarlıq olunsa da tabesizlik göstərmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X3 izahatında göstərdi ki, Şəxs 25.12.2021-ci il tarixdə saat 22 radələrində Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən Kəpəz RPİ-nə 22.12.2021-ci il tarixdə törətdiyi əməl üçün gətirilərkən yüksək səslə nalayiq ifadələr işlətməyə başlamış və dəfələrlə xəbərdarlıq olunsa da tabesizlik göstərmişdir. Digər protokol üzrə isə Şəxs 22.12.2021-ci il tarixdə idarə etdiyi ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilinə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən yanacaq doldurma məntəqəsində 27 manatlıq benzin vurduqdan sonra ödənişi etməyərək, yüksək sürətlə oradan uzaqlaşmış və bu zaman yanacaq doldurma məntəqəsinin 100 manat dəyərində alətini qəsdən zədələmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, o, avtomobilinə benzin vurmaq üçün yanacaq doldurma məntəqəsinə getmiş, lakin oranın işçisi benzini gec vurduğu üçün və o da tələsdiyi üçün avtomobili sürüb getmişdir. Lakin fikirləşmişdir ki, işini bitirdikdən sonra qayıdıb pulu versin. Lakin işi alınmadığından geri qayıdıb pulu verə bilməmişdir. 25.12.2021-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq Kəpəz Rayon Polis İdarəsinə apardığı zaman əsəbiləşdiyi üçün onlarla idarənin qarşısında mübahisə etmiş, nalayiq ifadələr işlətmişdir. Hazırda törətdiyi əməldən peşmandır, ona yüngül tənbeh verilməsini xahiş edir. İş materiallarında olan 25.12.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 22.12.2021 -ci il tarixdə saat 23 radələrində Gəncə şəhər sakini X1 işlədiyi Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Proqress RLS” yanacaq doldurma məntəqəsinə naməlum şəxs idarə etdiyi Vaz 2107 markalı ** SN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə alıcı kimi gəlmiş, 27 manatlıq benzin yanacağı tökdükdən sonra yanacağın pulunu verməyərək avtomobili yanacaq doldurma məntəqəsindən qəsdən yüksək sürətlə hərəkətə gətirərək 100 (yüz) manat dəyərində olan yanacaq dolduran aləti qəsdən zədələməklə H.Məhərrəmiyə ümumilikdə 127 (yüz iyirmi yeddi) manat maddi ziyan vurulması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 25 dekabr 2021-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs “Proqress RLS” yanacaq doldurma məntəqəsinin 27 manatlıq benzin yanacağını talaması və 100 (yüz) manat dəyərində olan yanacaq dolduran aləti qəsdən zədələməsi hərəkətlərində Azərbaycan Respublikası İXM-nın 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların deyil, cinayətin əlamətləri müşahidə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi soyğunçuluq, yəni özgəsinin əmlakını açıq talamaya görə cinayət məsuliyyətini nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özgənin əmlakını açıq talamaya görə məsuliyyət nəzərdə tutulmamışdır. Çünki, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə əməllərindən fərqli olaraq əmlakın açıq talanması zamanı cinayət məsuliyyətinin yaranması üçün hər hansı aşağı hədd qanunvericilikdə müəyyən edilməmişdir. Buna görə də əmlakın açıq talanması sübuta yetirildiyi təqdirdə vurulmuş ziyanın miqdarından asılı olmayaraq cinayət məsuliyyəti yaranır. Eyni zamanda qeyd edilməlidir ki, cinayətin törədilməsi zamanı cinayət əməlinin törədilməsi üsulunun nəticəsi kimi əmlak ziyanı vurulduqda və bu ziyanın miqdarı özü ayrılıqda cinayət məsuliyyətinin yaranmasına səbəb olan həddə olmadıqda həmin əməl ayrıca olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif oluna bilməz. Buna baxmayaraq protokolu tərtib etmiş şəxs tərəfindən bu xüsusatlarla diqqət yetirilməmiş, əmlakın talanmasının forması ümumiyyətlə protokolda qeyd edilməmiş, əmlakın açıq formada talanmasına heç bir hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 227 və 232-1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata cinayətin əlamətləri olması əsası ilə xitam verilməli və həmin hissədə materiallar Gəncə şəhər prokurorluğuna göndərilməlidir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232- 1-ci maddələri ilə başlanılmış icraata əməldə cinayətin əlamətləri olduğu üçün xitam verilsin və material ayrılaraq Gəncə şəhər prokurorluğuna göndərilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 25 dekabr 2021-ci il saat 21:00-dan hesablansın. Qərarın inzibati həbs hissəsində icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №3(043)-967/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-967/2021
27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver