Məhkəmə qərarları › İş №3(043)-968/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-968/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-968/2021 27.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Daşkəsən rayonunun Çıraqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 79A ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 27.12.2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 27.12.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 3(066)-157/2020 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 160 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Şəxs təyin edilmiş 160 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, ictimai işlər tənbehini çəkməkdən imtina etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 18.06.2020-ci il tarixli, 3(066)-157/2020 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 160 saat ictimai işlər inzibati tənbeh növü təyin olunmuşdur. Şəxs təyin edilmiş 160 saat ictimai işlər inzibati tənbeh növünü çəkməkdən imtina etmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə Şəxs bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Şəxs çağırışlara gəlmədiyi üçün barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş, Şəxs polis vasitəsi ilə probasiya şöbəsinə gətirilmişdir. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 529.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qərarı ilə təyin edilmiş 160 saat ictimai işləri çəkməməsinin səbəbi probasiya şöbəsinin çağırışlarından xəbərsiz olmasıdır. Belə ki, onun daimi yaşayış yeri yoxdur, adətən olduğu yer isə “fəhlə bazarı”dır. O, inzibati qaydada həbsdən çıxdıqdan sonra ona ictimai işlər tənbehini çəkmək barədə heç kim məlumat verməmiş, onun bu barədə çağırışlardan xəbəri olmamışdır. O, ictimai işlər növündə tənbehi çəkməkdən imtina etmir. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 3(066)-157/2020 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 17.06.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə 20 gün müddətində həbs növündə, 17.06.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə 160 saat müddətində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə icraata başlama haqqında 14.07.2020-ci il tarixli qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 3(066)-157/2020 saylı qərarı əsasında icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş 14.07.2020-ci il tarixli, 97724/20 nömrəli bildirişin və poçt zərfinin surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 3(066)-157/2020 saylı qərarının icrası ilə əlaqədar Şəxs 3 gün müddətində Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Həmin bildiriş Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 79A ünvanına göndərilmişdir. Lakin, Şəxs qeyd edilən ünvanda yaşamaması əsası ilə bildiriş geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş 24 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Şəxs qeydiyyatda olduğu Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 79A ünvanına gedilmiş, həmin ünvanda oğlu Ruslan Bayramov atasının orada yaşamadığını, münasibətlərinin pis olması səbəbindən onun hazırda harada olmasından xəbəri olmadığını bildirmişdir. İş materiallarında olan arayışdan görünür ki, Şəxs Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, ev 79A ünvanında yaşamır. İş materiallarına əlavə edilmiş Şəxs 27.12.2021-ci il tarixli izahatından görünür ki, Şəxs Göygöl Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 3(066)-157/2020 saylı qərarı ilə ona təyin edilmiş 160 saat ictimai işlər tənbehini kirayədə yaşaması, hər gün ictimai işlərin yerinə yetirildiyi yerə getmək üçün maddi imkanının və vaxtının olmamasına görə çəkə bilməyəcəyini bildirmişdir. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.4-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə, üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmamaq; həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq; elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək; ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək başa düşülür. Məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaranması üçün həmin maddənin qeydinin 2-ci hissəsində nəzərdə tutulan hallar, yəni ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmanı nəzərdə tutan hallar müəyyən edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs icra məmurunun çağırışlardan xəbərsiz olduğundan onun “inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənməsi” halı, eyni zamanda ictimai işlərin görülməsinə başlanmadığından “iki dəfədən çox ictimai işə çıxmamaq, həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq” halları mövcud deyildir. İnzibati tənbehin çəkilməsindən boyun qaçırma hesab edilən “elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək” halı isə Göygöy Rayon Məhkəməsinin sözügedən qərarında nəzərdə tutulmamış, bu barədə Şəxs üzərinə vəzifə qoyulmamışdır. Bundan başqa, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, ona təyin edilmiş ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən imtina etmədiyini, həmin tənbehi çəkməyə razı olduğunu bildirmişdir. O, Probasiya şöbəsində ictimai işlər tənbehini çəkməkdən imtina etməsi ilə bağlı izahatını isə kirayədə yaşaması, hər gün ictimai işlərin yerinə yetirildiyi yerə getmək üçün maddi imkanının və vaxtının olmaması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, Şəxs bu izahatı özlüyündə onun ictimai işləri yerinə yetirməkdən boyun qaçırma kimi qiymətləndirilə bilməz. Şəxs ona təklif edilməsinə baxmayaraq, üzrsüz səbəbdən iki dəfədən çox ictimai işə çıxmadıqda, onun əməlində İXM-in 529.4-cü maddəsinin tərkibi yarana bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə Şəxs Azərbaycan Respublikası İXM-in 529.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar