Məhkəmə qərarları › İş №3(043)-970/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-970/2021

27.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-970/2021 27.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material baxılması üçün 27 dekabr 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X2 tərəfindən tərtib olunmuş 27 dekabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 26.12.2021-ci il tarixdə Gəncə şəhəri F.Əmirov küçəsində saat 02:30 radələrində ictimai asayişi pozaraq və polisin qanuni tələblərinə əməl etməyərək inzibati xəta törətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin Kəpəz rayon Polis İdarəsinin sahə rəisi, X2 izahatında göstərdi ki, Şəxs 26.12.2021-ci il tarixdə Gəncə şəhəri F.Əmirov küçəsində saat 02:30 radələrində ictimai asayişi pozaraq və polisin qanuni tələblərinə əməl etməyərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirdi ki, o hadisə vaxtı hadisənin olduğu yerə yaxın olmuş və həmin yerə insanların toplaşdığını görmüş və ora yaxınlaşmışdır. Polislərin onun dostunu tutub apardığını gördükdə o və digər dostu polis əməkdaşlarına onu aparmamasını bildirmişlər. Həmin vaxt bir az içkili olduğu üçün müəyyən nalayiq ifadələr işlətmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri Kəpəz RPİ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4 bildirdi ki, 26.12.2021-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olarkən təxminən saat 02:30 radələrində Azərbaycan Respublikası DİN 102 zəng xidmətinə müraciət əsasında F.Əmirov küçəsi bina 34 ünvanında oğurluq hadisəsi ilə əlaqədar həmin binanın zirzəmisindən oğurluq edən X5 tərəflərindən saxlanılarkən binanın qarşısında onun dostları, adları sonradan məlum olan Şəxs və X3 onlara yaxınlaşaraq, işlərinə maneçilik törətmiş və ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdurlar. Onları dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxslər polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 26 dekabr 2021-ci il tarixdə saat 02:37-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və şahidin izahatı ilə tam sübuta yetirilir. Şəxs heç bir əsas olmadan ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı, yəni ümumi qəbul edilmiş davranış qaydalarını pozan hərəkətlərə qəsdən və təqsirli olaraq yol vermiş, bu zaman onu nizam-intizama dəvət edən və ictimai qaydanın qorunması üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Onun bu hərəkətləri özünün etirafedici izahatı ilə yanaşı, şahidin məhkəmədə şübhə doğurmayan izahatı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 26 dekabr 2021-ci il saat 02:37-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar