Məhkəmə qərarları › İş №3(043)-982/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №3(043)-982/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(043)-982/2020 23.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş materialı nəzərdən keçirib müəyyən etdim: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18:00-da Gəncə şəhəri Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsində yerləşən və hüquqi şəxs Şəxs MMC-yə məxsus obyektə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, təsərrüfat subyektində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblər pozulmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli 3(043)-982/2020 saylı və xx.xx.2020-ci il tarixli 3(043)-755/2020 saylı qərardadları ilə eyni fakt üzrə toplanmış materiallar geri qaytarılmış və göstərilmişdir ki, protokol həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilmiş, protokola inzibati xətanın törədilməsini təsdiq edən sübutlar, o cümlədən fərdi qoruyucu vasitədən istifadə etmədən xidmət göstərən işçilərin şəxsiyyəti barədə məlumatlar, o cümlədən onların özlərinin fərdi qaydada törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməmələri barədə sənədlər əlavə edilməmiş, protokolda hüquqi şəxsin adından qərar qəbul etmək səlahiyyətinə malik olan hansı vəzifəli şəxsin epidemiya əleyhinə rejim çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş konkret hansı tələbləri pozması barədə məlumatlar göstərilməmiş, hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında iş üzrə icraatda iştirakı təmin edilməmiş, onun izahatı alınmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 4.3-cü bəndinə görə həmin Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Fərmanının 5.6-2-ci bəndinə görə isə həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin baxmaq səlahiyyətinin olması müəyyən edilmişdir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6-cı bəndinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi adından Məcəllənin 211-ci maddəsi ilə (sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri, onların müavinlərinin baxmaq səlahiyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın Qeyd hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikası İXM-in 99.2-ci maddəsinə görə isə inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara iş üzrə icraat başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıya əsasən həmin işlərə baxmaq səlahiyyəti müəyyən edilmiş vəzifəli şəxslər (Dövlət Vergi Xidmətinin rəisi, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının rəhbəri, onun müavinləri, Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Aparatının rəhbəri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şəhər (rayon) vergilər idarələrinin rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rayon vergilər şöbələrinin rəisləri və onların müavinləri) İXM-in 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə hüquqi şəxs barəsində protokol tərtib edərək baxılmaq üçün məhkəməyə göndərməlidir. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokol idarənin buna səlahiyyəti olmayan əməkdaşı, yəni idarənin böyük dövlət vergi müfəttişi X1 tərəfindən tərtib edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmişdir. Hüquqi şəxsin nümayəndəsi kimi onu “əmək müqaviləsi ilə təmsil edən” X3 adlı şəxsin izahatı alınsa da həmin şəxsin hüquqi şəxsi təmsil etmək səlahiyyətinin olmasına dair hər hansı sənəd (etibarnamə) protokola əlavə edilməmişdir. Qeyd olunmalıdır ki, hüquqi şəxsi onun hər hansı işçisi yox, müvafiq inzibati xəta haqqında iş üzrə icraatda təmsil etmək səlahiyyəti olan, əsas iş yeri həmin hüquqi şəxs olan işçisi təmsil edə bilər. Azərbaycan Respublikası İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 120 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi qaydaları müəyyən edilmiş, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyətə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronovirus infeksiyasının (Covid-19) profilaktikasına dair” metodik göstəriş təsdiq edilmişdir. Qeyd edilən metodik göstərişdə həmin sahədə ümumi göstərişlərlə yanaşı, xidmət sahəsi müəssisələrində görülməli tədbirlər; ehtimal edilən yoluxma riskinin azaldılması məqsədilə təchizatçılar və müştərilər ilə rəhbərlik tərəfindən təyin edilmiş eyni əməkdaşların ünsiyyətdə olması; xidmət zallarında dezinfeksiya işlərinin aparılması; işçi heyətinin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması; müştəriləri məlumatlandırmaq məqsədilə infoqrafın müəssisənin giriş-çıxış qapılarında, rəflərdə, piştaxtalarda və rahat görünən digər yerlərdə asılması, həmçinin ödəniş həyata keçirilən zaman hər bir istehlakçıya təqdim olunması; təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməsinin təşkili; təmizlik və dezinfeksiya işləri həyata keçirilərkən riayət edilməli olan ardıcıllıq; istifadə edilən dezinfeksiyaedici vasitələrə dair tələblər və həmin vasitələrdən istifadə qaydaları; dezinfeksiya edilməsi vacib olan sahələr; işçi heyətinin şəxsi gigiyenası; tibbi maskalardan ümumi istifadə qaydaları; işçi heyətinin müayinəsi və s. qaydalar müəyyən edilmişdir. Hazırki işin hallarından isə görünür ki, təqdim edilmiş materiallardan Şəxs MMC-nin istifadəsində olan mağazada epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena karantin rejiminin pozulması faktının aşkar edildiyi ümumi sözlərlə göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə görə törədilən inzibati xətanın mahiyyəti dəqiq göstərilməlidir. Lakin hazırki protokolda ölkə ərazisində mövcud olan karantin rejimləri dövründə yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və həmin qərarla təsdiq edilmiş metodik göstərişlərdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı hansı tələbin konkret olaraq kim tərəfindən pozulması və pozuntunun qarşısının alınmamasının konkret olaraq hansı vəzifəli şəxsin hərəkət və hərəkətsizliyində ifadə olunması göstərilməmiş və buna dair mötəbər sübut işə əlavə edilməmişdir. Belə ki, Cəmiyyətin işçiləri tərəfindən sosial məsafənin gözlənilməməsi qeyd olunsa da həmin işçilərin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi aydınlaşdırılmamış və bu barədə sübutlar işə əlavə edilməmişdir. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq hesab edirəm ki, işin baxılmasına mane olan hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş İdarəsini dövlət vergi müfəttişi İ.Kusayev tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı hüquqi şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı ərazi vergilər baş İdarəsinə geri qaytarılsın. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar