Məhkəmə qərarları › İş №3(043)-985/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-985/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-985/2020 23.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Möyləyev Tahir Rafiq oğlunun, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 mənzil 20 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Kəpəz Rayon Polis İdarəsində tərtib olunmuş material xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi polis baş leytenantı Möyləyev Tahir Rafiq oğlu tərəfindən tərtib olunmuş xx xxxxxx 2020ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə ictimai qayda pozmaqla yanaşı polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Möyləyev Tahir Rafiq oğlu izahatında göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə ictimai qayda pozmaqla yanaşı polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətmişdir. O, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami küçəsi ərazisində sərxoş vəziyyətdə avtomobili idarə etdiyi zaman polis əməkdaşlarının saxlama əmrinə tabe olmamış və öz qanunsuz hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra da onu nizam intizama dəvət etsələr də, o yenə tabesizlik göstərmişdir. Spirtli içki qəbul etdiyindən bu əməlləri törətmişdir. Lakin, törətdiyi əməldən peşmandır. Himayəsində iki uşağı vardır. Göstərilənləri nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vəkilov Akif Aydın oğlu izahatında bildirdi ki, o, Gəncə şəhəri BPİ-nin post patrul xidməti taborunda polis nəfəri vəzifəsində işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 16:45 radələrində Şəxs Nizami küçəsində avtomobili sürətlə idarə edərək, yanlarından keçmiş və səkiyə dəymişdir. Bundan sonra polis əməkdaşları Şəxs saxlatmaq istəsələr də o, polisin saxla əmrinə tabe olmamışdır və təhlükəli əməllərini davam etdirmişdir. Daha sonra yol patrul xidmətinin köməyi vasitəsi ilə Şəxs saxlanıldıqdan sonra polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, o yenə tabesizlik göstərmiş, polisin ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, o, Gəncə şəhəri BPİ-nin post patrul xidməti taborunda polis nəfəri vəzifəsində işləyir. Xidmətdə olduqları zaman, xx xxxxxx 2020-ci il tarixdə saat 16:45 radələrində bir avtomobil sürətlə və ziq-zaq hərəkətlərlə gəldiyi üçün polis əməkdaşları onu saxlamaq istəmişlər, lakin avtomobilin sürücüsü Şəxs onların saxla əmrinə tabe olmamışdır. Daha sonra onu yol patrul xidmətinin köməkliyi ilə dayandırmışlar və polis əməkdaşları onu nizam-intizama dəvət etmələrinə baxmayaraq, o yenə tabesizlik göstərərək ictimai yerdə yüksək səslə polisin ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx xxxxxx 2020-ci il tarixli 1485/2020 nömrəli aktdan görünür ki, Şəxs tibbi müayinədək imtina etmişdir. Lakin, deməsinə görə spirtli içki qəbul etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar