Məhkəmə qərarları › İş №3(043)-99/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərar — İş №3(043)-99/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(043)-99/2022 15.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis Bölməsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Kəpəz RPB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 15 fevral 2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, 14.02.2022-ci il tarixdə saat 16:30 radələrində Gəncə şəhəri, “Qala qapısı”nın yaxınlığında ictimai qaydanın mühafizəsi üzrə öz vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin Kəpəz Rayon Polis Bölməsinin sahə rəisi X3 bildirdi ki, 14.02.2022-ci il tarixdə saat 16:30 radələrində Kəpəz RPB-nin əməkdaşları Gəncə şəhəri, “Qala qapısı”nın yaxınlığında xidmətdə olarkən sonradan Şəxs olduğunu bildikləri şəxsin ağacları yandırdığını görmüş və ona yaxınlaşaraq onu nizamintizama dəvət etmişlər. Lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz hərəkətini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Kəpəz RPB-yə gətirib təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsinə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 14.02.2022-ci il tarixdə yaşadığı Tovuz rayonundan Bakı şəhərinə getmək üçün mikroavtobusla yola çıxmış, Gəncə şəhərinə gəldikdə ağrıdığı üçün Gəncə şəhərinin çıxışına yaxın ərazidə avtobusdan düşərək orada boş ərazidə spirtli içki qəbul etmişdir. Bundan sonra siqaret çəkərək yerdə uzanmışdır. Bir müddət sonra əlindəki siqaretdən otlar alışmağa başlamış, o da yanan otları söndürmüşdür. Bu zaman oraya polis əməkdaşları yaxınlaşmış və onu polis şöbəsinə aparmaq istəmişlər. O isə heç bir şey etmədiyini deyərək onlarla getməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz Rayon Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı X2 izahat verərək bildirmişdir ki, 14.02.2022-ci il tarixdə saat 16:30 radələrində o və əməliyyat müvəkkili polis leytenantı A.Kərimov ilə birlikdə Gəncə şəhəri, “Qala qapısı” deyilən yerin yaxınlığında xidmətdə olarkən sonradan adının Şəxs olduğunu bildikləri şəxsin əlindəki alışqanla ağacları yandırdığını görmüş və yaxınlaşaraq ondan hərəkətlərinə son qoymasını tələb etmişlər. Lakin Şəxs ağır dərəcədə sərxoş vəziyyətdə olduğu üçün söyüş söyərək onları hədələmiş, onların qanuni tələblərinə qəsdən tabe olmamış, öz hərəkətini davam etdirməyə cəhd etmişdir. Bundan sonra onlar yanğının qarşısını alaraq Şəxs Kəpəz RPB-yə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kəpəz RPB-in CA üzrə polis leytenantı X4 şahid N.Q.Xanbatov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və şahidlərin izahatları, barəsində tərtib edilmiş protokol və raportla öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 14 fevral 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:55-də inzibati qaydada tutulmuşdur. 14 fevral 2022-ci il tarixli sərxoşluq vəziyyətinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs müayinə edilərkən alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla, o cümlədən barəsində icraat aparılan şəxsin izahatı ilə müəyyən edildi ki, Şəxs 14 fevral 2022-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonunun ərazisində “Qala qapısı” adlanan ərazidə yaşıllıq zolağındakı ağaçaları yandırmağa cəhd edərkən onun hərəkətlərinin qarşısını alan Kəpəz RPB-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq nalayiq ifadələr işlətmiş və öz hərəkətlərini davam etdirmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İnzibati xətaya görə məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Buna görə də Şəxs AR İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli inzibati qaydada tutulduğu 14 fevral 2022-ci il saat 20:55-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar