Məhkəmə qərarları › İş №3(044)-1006/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1006/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1006/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin X5 şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Baş Polis İdarəsinin X5 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 15.11.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 01.11.2021ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bu günədək təqdim etməmişdir. Bununla da hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi izahat verərək bildirmişdi ki, "xxxx" MMC hər il sürücülər barədə məlumatı ilin əvvəlində DYPŞ-yə təqdim etmişdir. Hazırkı xəta ilə bağlı sənədləri o, "xxxx" MMC-nin kadrlarından tələb etmiş, lakin tapa bilməmişlər. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Gəncə Şəhər Baş Polis İdarəsinin X5 şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Gəncə Şəhər Baş Polis İdarəsinin X5 şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: - Gəncə şəhəri Baş Polis İdarəsi X5 Şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvanlanmış bildirişdən görünür ki, 26.10.2021-ci il tarixdə, saat 09:08-də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan DAİMLER CHRYSLER (D) XÜSUSİ markalı, 20 AE240 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. - xəbərnamənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvanlanmış bildiriş 01.11.2021-ci il tarixdə çatmışdır. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Gəncə şəhəri Baş Polis İdarəsi X5 Şöbəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Bununla da hüquqi şəxs "xxxx" MMC-nin tərəfindən İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5 və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15.11.2021-ci il tarixli, AP ******* inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar