Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-105/2022 03.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Nizami RPİ-nin sahə rəisi, polis leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin 03.02.2022-ci il tarixli protokolda Şəxs ucadan nalayiq söyüşlər söyərək, daha sonra polisin qanuni tələblərinə tabe olmadığı qeyd edilmişdir. Gəncə şəhər BPİ Nizami RPİ-nin sahə rəisi, polis leytenantı Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 03.02.2022-ci il tarixdə saat 02:05 radələrində polis əməkdaşları xidmətdə olarkən Gəncə şəhəri X4 və Heydər Əliyev prospektlərinin kəsişməsində adları polislərə sonradan məlum olan iki nəfər şəxsin xx.xx.1991-ci il təvəllüdlü Şəxs və 12.10.1988-ci il təvəllüdlü X2 arasında mübahisə etdiklərini görüb onlara yaxınlaşıblar bu zaman X2 yüksək səslə qışqıraraq ünvansız nalayiq sözlər işlədərək qaçmağa başlamış ona bu əməllərini yekunlaşdığı dayanmasını demişlər onlar polisin qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişlər qaçan şəxsi fiziki qüvvə tətbiq edərək dayandırmışlar və həmin şəxs polisə müqavimət göstərmiş, bu zaman Şəxs yaxınlaşaraq polisin qanuni tələblərinə tabe olmuş, hər iki şəxsi Nizami RPİnin Növbətçi hissəsinə gətirərək Şəxs ayağında ev dustaqlığı üçün qolbağ olduğu məlum olmuş, X1 halda olduğu müayinə zamanı həkim tərəfindən bildirilmiş, Şəxs əvvəllər CMnin müxtəlif maddələri ilə 9 dəfə həbs olunduğu mobil portal vasitəsilə aşkar edilmiş, həmin şəxs Nizami RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində qismən təqsirli bilərək bildirmişdir ki, 03.02.2022-ci il tarixdə qonşusu X2 ilə birlikdə evdən çıxıb mağazaya gedən zaman, Cavid içkili olduğu və qulağı zəif esitdiyi üçün onlar ucadan danışıb-gülmüşlər. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşaraq sakitləşmələrini tələb etmişlər, bu zaman Cavid qaçmış, polis əməkdaşları da sonuncunun arxasınca getmişlər. O, polisdən qaçmamış, polislərin dəvət ilə Nizami rayon pois idarəsinə getmişdir. Sonda o, ucadan səs-küy salmasından peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid2 izahat verərək bildirmişdir ki, 3 fevral 2022-ci il tarixdə saat 02:05 radələrində 11,18 № li marşurutda 4683 saylı patrul avtomobili ilə xidmətdə olarkən Gəncə şəhəri X4 və Heydər Əliyev prospektlərinin kəsişməsində adları onlara sonradan məlum olan iki nəfər şəxsin xx.xx.1991-ci il təvəllüdlü Şəxs və 12.10.1988-ci il təvəllüdlü X2 arasında mübahisə etdiklərini görüb onlara yaxınlaşmışlar. Bu zaman X2 yüksək səslə qışqıraraq qaçmağa başlamış, onlar sonuncunun arxasınca qaçaraq bu əməllərini yekunlaşdırmağı dayanmasını demiş, lakin Cavid polisin qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişdir. Onlar qaçan şəxsi fiziki qüvvə tətbiq edərək dayandırmışlar və həmin şəxs polisə müqavimət göstərmişdir. Həmin vaxt Şəxs onlara yaxınlaşmış və onların tələbi ilə Cavid Hüseynovla birlikdə Nizami RPİnin Növbətçi hissəsinə gəlmişlər. X1 halda olduğu müayinə zaman həkim tərəfindən bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid1 Gəncə şəhər BPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri polis kiçik serjantı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 03.02.2022-ci tarixli MN№1325151 saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs ictimai yerdə nalayiq söz və ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin vaxt Şəxs küçədə ucadan səs-küy salması və ətrafdakıların diqqətini özünə cəlb etməsi şahidin ifadələri və özünün ifadəsi ilə sübut olunmuş, lakin sonuncunun ictimai qaydanı mühafizə edən polisin qanuni tələbinə tabe olmaması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir və Şəxs həmin vaxt polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən, tabesizlik göstərmədən polis idarəsinə getdiyi müəyyən olunur. Şəxs həqiqətən də polis əməkdaşlarının tələblərinə tabe olmadığı öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Bununla belə Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan 03.02.2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03.02.2021-ci il tarixdə, saat 02:05-də inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, daha ciddi xəta nəzərdə tutulan Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş 100 manat məbləğində cərminin dörddə üçü həddində, yəni 75 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-105/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-105/2022
03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver