Məhkəmə qərarları › İş №3(044)-1059/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1059/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1059/2021 07.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məsləhətçi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, himayəsində iki az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri 3 saylı Notariat kontorunun 8İ-2027 nömrəli, 20.08.2020-ci il tarixli, icra qeydinə əsasən Şəxs 15000 (on beş min) manat məbləğində pul alınaraq tələbkar X3 verilməlidir. Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X4 bildirmişdir ki, Gəncə şəhəri 3 saylı Notariat kontorunun 8İ-2027 nömrəli, 20.08.2020-ci il tarixli icra qeydinin icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu Şəxs icradan boyun qaçıraraq tələbi bu günədək icra etməmişdir. Qeyd edilənləri əsas gətirib borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X5 bildirmişdir ki, Gəncə şəhəri 3 saylı Notariat kontorunun 8İ-2027 nömrəli, 20.08.2020-ci il tarixli icra qeydi qəbul edilərək, Şəxsdan 15000 (on beş min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə icra qeydi qəbul edilmişdir. Şəxs həmin borcunu ödəməkdən boyun qaçırır. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Gəncə şəhəri 3 saylı Notariat kontorunun 8İ-2027 nömrəli, 20.08.2020-ci il tarixli, icra qeydinə əsasən, ondan 15000 (on beş min) manat məbləğində pulun alınaraq X3 verilməsi barədə icra qeydi qəbul edilmişdir. O, hazırda yaranmış borcundan 1000 (bir min) manat ödəniş etmək üçün pulu tələbkar X3 vermək istəsə belə sonuncu pulunu tam şəkildə tələb edərək, 1000 (bir min) manat pulu götürməkdən imtina etmişdir. O hər ay 1000 (bir min) manat borcundan tələbkara ödəməyə söz verir. Hazırda etmiş olduğu əməldən peşmandır, qarın nahiyyəsindən əməliyyat olmuş və həkim nəzarətindədir, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarın nahiyyəsindən əməliyyat olunmuş, hazırda o həkim nəzarətindədir. Əməlindən peçimandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri 3 saylı Notariat kontorunun 8İ-2027 nömrəli, 20.08.2020-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 15000 (on beş min) manat məbləğində pulun alınaraq X3 verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Cahid Qasımovun 20.08.2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.08.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəxs şəxsi kartoçkasından görünür ki, Şəxs adına olan əmlak, avtomobil nəqliyyatı, pensiya və sosial ödəniş məlumatları qeydə alınmayıb. Beləliklə, Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsüf edilmiş, həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi proses iştirakçılarının izahatları ilə və inzibati xəta haqqında işin materialları tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, borclu Şəxs Gəncə şəhəri 3 saylı Notariat kontorunun 8İ-2027 nömrəli, 20.08.2020-ci il tarixli icra qeydini icra etməmiş və icra etməməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını və işin digər xüsusiyyətlərini nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə tənbeh növü seçilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən həyata keçirilmişdir. Odur ki, həmin hesabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş 4 (dörd) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından Vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar