Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-106/2021 19.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Nizami RPİ-nin polis nəfəri onu 6 nömrəli marşrut üzrə hərəkət edən avtobusdan yerə düşərək qoruyucu maskanı düzgün taxmamağını və Nizami RPİ-nə aparıb ona xəbərdarlıq edəcəyini bildirərək PPX avtopatruluna mindirib polis idarəsinə aparmışdır. Orada zabit rütbəli şəxs ona inzibati xəta haqqında boş protokol blankına imza etdirərək 100 manat məbləğində cərimə olunduğunu bildirdi və protokolun nömrə olan hissəsini cırıb ona təqdim etdi. Polis əməkdaşları ona qarşı qərəzli mövqe tutaraq güya onun maskasının çənəsinin altında olduğunu iddia edərək qanunsuz və əsassız olaraq onu inzibati məsuliyyətə cəlb etmişlər. Onun maskası tənəffüs yollarının və ağzının üzərində olmuşdur. Polis əməkdaşları onun qoruyucu vasitələrdən istifadə etməməyi barədə hər hansı bir sübutları olmadan qərəzli surətdə ona cərimə yazmışlar. Nizami RPİ-də mobil telefonunu əlindən almışlar, valideynlərinə məlumat verməyə icazə verməmişlər, ona hüquqlarını izah etməmişlər, valideynlərini dəvət etmədən onu cərimələmişlər. Atası səhərisi gün Nizami RPİ-nə getmiş, lakin müxtəlif bəhanələrlə ona protokolun və qərarın surətini verməkdən imtina etmişlər. Sonra atası DİN-nin portalında ona 100 manat cərimə yazıldığını öyrənmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 ərizəsinə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, onun təqsirli bilindiyi inzibati xətaya görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o, yetkinlik yaşına çatmamışdır, lakin buna baxmayaraq, onun barəsində inzibati protokol tərtib edilərkən və inzibati tənbehvermə haqqında qərar qəbul edilərəkən onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmiş, hüquqları pozularaq barəsində qanunsuz inzibati protokol və qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 izahat verərkən bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə X5 6 nömrəli marşrut üzrə hərəkət edən avtobusdan yerə düşərkən qoruyucu maskadan düzgün istifadə etmədiyinə görə barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokolun əsasında xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 barəsində protokol və qərar qəbul edilərkən o, yetkinlik yaşına çatmayan şəxs olsa da, həqiqətən də onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xəta haqqında işin məhkəmə araşdırması nəticəsində tərəflərin izahatlarından və işin materiallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində ona istinad edilən inzibati xəta ilə bağlı barəsində inzibati icraat aparılarkən, onun haqqında inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o, yetkinlik yaşına çatmamış, lakin buna baxmayaraq, onun barəsində inzibati icraat aparılarkən və qeyd edilən qərar qəbul edilərkən onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs vəya zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadıqda yaxud fəaliyyət qabiliyyəti olmadıqda həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmçinin həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürülənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 istinad edilən inzibati xəta ilə bağlı barəsində inzibati icraat aparılarkən, onun haqqında inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o, yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, onun qanuni nümayəndəsinin iştirakı təmin edilməmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş tələblər pozularaq, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırılma aparılmadan qanuni olmayan qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayəti təmin edilməklə, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-106/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-106/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver