Məhkəmə qərarları › İş №3(044)-1063/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1063/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1063/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokol müdafiə edən şəxs, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 bildirdi ki, Şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1667/2017 saylı, 07.01.2017-ci il tarixli icra vərəqəsinə əsasən hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-1689/2021 saylı, 25.05.2021-ci il tarixli icra vərəqəsinə əsasən hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildirişin və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Hazırda borclunun 1050 manat borcu vardır. Borclunun barəsində bundan əvvəl inzibati protokol tərtib olunub məhkəməyə verildikdən sonra, o, borcundan bir hissə ödəniş etmiş, daha sonra ödənişləri yenə də dayandırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, o, hər dəfə borclu Şəxs şikayət etdikdən sonra sonuncu barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə verilmiş, bundan sonra borclu aliment borcunun bir hissəsini ödəmiş, qalan borcunu da ödəyəcəyini bildirmişdir. Lakin Şəxs sonradan heç bir ödəniş etmir. Hazırda da Şəxs borcunu ödəyəcəyi üçün məhkəmədən vaxt istəmiş, ancaq sonradan avto qəzada xəsarət aldığını bəhanə edərək yenidən borcunu ödəməmişdir. Sonda o, borcunu tam ödəmədiyi üçün məhkəmədən Şəxs həbs edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, onun maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilmir. O, borcunu ödəmək üçün məhkəmədən vaxt istəmiş, lakin 12.12.2021-ci il tarixdə avtoqəza keçirərək xəsarət aldığı üçün borcunu ödəyə bilməmişdir. Odur ki, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - 08.12.2021-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-166/2015 saylı, 07.01.2015-ci il tarixli və 2(044)- 168/21 saylı, 25.05.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1050 manat tutularaq X2 ödənilməlidir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 2(044)- 1689/2021 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.03.2017-ci il tarixli 2(044)-1667/2017 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, 04.08.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. - 29.07.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru X6 29.07.2021-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 2(044)-1689/2021-007 saylı icra sənədini nəzərdən keçirərək, icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Şəxs 08.12.2021-ci il tarixdə icra idarəsində verdiyi izahatdan görünür ki, o, işsiz olduğu üçün aliment borcunu ödəyə bilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, müəyyən qədər ödənişlər edərək məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Hər dəfə zərərçəkmiş şəxs tərəfindən şikayət olunduqdan sonra barəsində inzibati protokol tərtib edildik də o, borcundan bir hissə ödəniş edib qalan borcu da ödəyəciyini vəd etmiş, daha sonra heç bir ödəniş etməmişdir. Bu onu göstərir ki, Şəxs məcburiyyət qarşısında qaldıq da aliment borcundan ödənişlər edir. O, sadəcə olaraq işləməməyini bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 20.12.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 20.12.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar