Məhkəmə qərarları › İş №3(044)-1092/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-1092/2021

20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-1092/2021 20.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ Nizami RPİ-nin sahə rəisi, polis kiçik leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq etmişdir. Gəncə şəhər BPİ Nizami RPİ-nin sahə rəisi, polis kiçik leytenantı X2 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 19.12.2021-ci il tarixdə saat təxminən 14:30 radələrində ** LA *** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün, polis əməkdaşları tərəfindən saxlanılıb duracağa getməli olduğu ona bildiriləndə, sürücü Şəxs özünü qeyri-səmimi aparmış, uca səslə ünvansız söyüşlər söyərək heç yerə getməyəcəyini deyib polisin qanuni tələblərinə tabe olmamış polis əməkdaşları onu nizam intizama dəvət etsələr də o, öz hərəkətlərinə davam etmiş, PPX əməkdaşlarının köməyi ilə onu Nizami RPİ-nə təhvil vermişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətaların törədilməsində qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 19.12.2021-ci il tarixdə saat 14:30-da özünə məxsus idarə etdiyi ** LA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən YPX əməkdaşları onu saxlamış və avtomobilin qabaq hissəsinin normadan yuxarı olduğunu bildirmişlər. YPX əməkdaşları avtomobili duracağa aparacaqlarını bildirdikdə o, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər DYPŞ-nin inzibati həyətinə getmişlər. Ora daxil olduqdan sonra onun mobil telefonuna zəng gəldiyi üçün avtomobili saxlamış, avtomobildən düşərək mobil telefonla danışıb siqaret çəkmişdir. Bu zaman ona polis əməkdaşı avtomobili dayanacağa salmasını tələb etmiş, o, isə qohumu ilə danışdığını bildirmiş, həmin vaxt onlar mübahisə etmişlər. Onun mübahisə etməyinin səbəbi isə polis əməkdaşlarının ona qarşı hörmətsiz sərt rəftarı olmuşdur. Daha sonra PPX-nin əməkdaşları gəlmiş, onu polis idarəsinə dəvət etmişlər, o, da heç bir müqavimət göstərmədən, sakit şəkildə PPX avtomobili ilə Gəncə şəhər Nizami Rayon Polis İdraəsinə getmişdir. Sonda o, barəsində tərtib olunmuş protokol üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə DYPŞ-nin YPX inspektoru Polis baş serjantı Şahid1 bildirdi ki, 19.12.2021-ci il tarixdə saat 14:30-da M.Bağırov küçəsində xidmətdə olarkən ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil onun tərəfindən saxlanılmış avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün duracağa gedəcəyini bildirmişdir. Bundan sonra onun ekipaj yoldaşı Şahid2 həmin avtomobildə əyləşmiş, sürücü Şəxs avtomobili Gəncə şəhər DYPŞ-nin həyətinə sürmüşdür. Həyətə çatdıqdan sonra dayanacağa 4-5 metr qalmış, Şəxs avtomobili saxlayıb düşərək mobil telefonla danışmağa başlamışdır. O, Şəxs avtomobili dayanacağa salmasını xahiş etmiş, sonuncu isə telefonu ona uzadaraq telefondakı şəxslə danışmasını demişdir. O, buna razılaşmadıq da Şəxs ucadan səs-küy salaraq avtomobili duracağa saxlamayacağını bildirmişdir. Həmin vaxt dayanacaqda olan digər avtomobillərin sahibləri Şəxs səs-küyənə görə onların ətrafına yığışmışdır. Bundan sonra o, kömək üçün PPX əməkdaşlarını çağırmış, PPX əməkdaşları gələndə Şəxs avtomobili dayanacağın içinə salaraq müqavimət göstərmədən polis idarəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 19.12.2021-ci il tarixdə saat 14:30-da M.Bağırov küçəsində xidmətdə olarkən ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil ekipaj yoldaşı Şahid1 tərəfindən saxlanılmış, sürücü Şəxs avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün duracağa gedəcəyi bildirilmişdir. Bundan sonra o, həmin avtomobildə əyləşmiş, sürücü Şəxs avtomobili Gəncə şəhər DYPŞ-nin həyətinə sürmüşdür. Həyətə çatdıqdan sonra dayanacağa 4-5 metr qalmış, Şəxs avtomobili saxlayıb düşərək mobil telefonla danışmağa başlamışdır. Şahid1 Şəxs avtomobili dayanacağa salmasını xahiş etmiş, sonuncu isə ucadan səs-küy salaraq avtomobili duracağa saxlamayacağını bildirmişdir. Həmin vaxt dayanacaqda olan digər avtomobillərin sahibləri Şəxs səs-küyənə görə onların ətrafına yığışmışdır. Bundan sonra kömək üçün PPX əməkdaşları çağırılmış, PPX əməkdaşları gələndə Şəxs avtomobili dayanacağın içinə salaraq müqavimət göstərmədən polis idarəsinə getmişdir. İş materiallarına əlavə edilmiş: 19.12.2021-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 15:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs avtomobilini saxladıqları zaman ictimai qaydanı pozan hərəkətlər etdiyi və polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin vaxt Şəxs küçədə YPX əməkdaşları ilə mübahisə edib səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb etməsi özünün və şahidin ifadəsi ilə təsdiq olunmuş, lakin sonuncunun ictimai qaydanı mühafizə edən polisin qanuni tələbinə tabe olmaması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir və Şəxs həmin vaxt hadisə yerinə gələn PPX əməkdaşlarının dəvəti ilə etiraz etmədən, tabesizlik göstərmədən polis idarəsinə getdiyi müəyyən olunur. Şəxs həqiqətən də polis əməkdaşlarının tələblərinə tabe olmadığı öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar