Məhkəmə qərarları › İş №3(044)-1097/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-1097/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-1097/2021 29.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, “X4 X1” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhəri Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Gəncə şəhəri Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş 18 sentyabr 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X4 X1” mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi X3 Şöbəsinin bu barədə sorğusu 30 iyul 2021-ci il tarixdə daxil olduğu vaxtdan bugünə qədər səlahiyyətli orqana təqdim etməmişdir. Bununla da “X4 X1” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: Gəncə şəhəri Baş Polis İdarəsinin X2 Şöbəsinin ünvanladığı sorğudan görünür ki, “X4 X1”-nın balansında olan «KHAZAR SD» minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı qeyd edilən səlahiyyətli orqana təqdim etməsi ilə bağlı olan sorğu icra olunması üçün “X4 X1”-nın ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda sadalanan qanunun tələblərini rəhbər tutaraq qeyd edirəm ki, inzibati xəta haqqında protokolda hüquqi şəxsin nümayəndəsinə Azərbaycan Respublikasının İXM-in 112.1.5-ci maddəsinə uyğun olaraq hüquq və vəzifələrinin izahına dair qeyd aparılmamış, bununla da protokolu tərtib edilmiş şəxs tərəfindən kimə hüquq və vəzifələr izah edildiyi öz əksini tapmamışdır. Bundan başqa, təqdim edilmiş inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, imzalamaqdan imtina edildiyi halda bu barədə protokolda hər hansı qeyd aparılmamış, hüquqi şəxsin nümayəndəsinin izahatı göstərilməmiş, eyni zamanda «protokolun surətini aldım» qrafası doldurulmamış, yəni protokolun inzibati xətaya yol vermiş şəxs tərəfindən alındığı və ya almaqdan imtina edildiyi barədə məlumat öz əksini tapmamışdır. Bundan başqa, onu da qeyd etməyi zəruri hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokola əlavə olunmuş sənədlərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4 X1”-nın törədilməsi ehtimal edilən inzibati xətaya aidiyyətinin olmasını, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşıb-razılaşmadığını təsdiq edən zəruri sənədlər əlavə olunmamışdır. Protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.( Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarı). Odur ki, qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edirəm. Belə olduğu təqdirdə “X4 X1”-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhəri Baş Polis İdarəsinin X2 Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: “X4 X1”-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X2 Şöbəsindən daxil olmuş 18 sentyabr 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Gəncə şəhəri Baş Polis İdarəsinin X2 Şöbəsinə geri qaytarılsın. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar