Məhkəmə qərarları › İş №3(044)-11/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-11/2021

27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-11/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1, Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollardan və inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: X1, Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollardan və inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət verərək, elektron protokolların və elektron qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini müdafiə edərək bildirmişdir ki, protokol və qərarlar barəsində məlumatı bu günlərdə əldə etmişdir. Həmçinin bildirir ki, o, həqiqətən də nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etmişdir. Lakin hesab edir ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Müddətin keçməsi ilə bağlı barəsində tərtib edilmiş inzibati protokollara və inzibati qərar ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolları və qərarı nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş 02 noyabr 2018-ci il tarixli, EQ 141092 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X4, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edərək inzibati xəta törətmişdir. Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş 02 noyabr 2018-ci il tarixli, EQ 141092 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı X3 məhkəmə iclasından verdiyi izahatından və işin materiallarından görünür ki, X4 həqiqətən də İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinin tələblərini pozmuş, idarə etdiyi avtomobili texniki baxışdan keçirmədən idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Bundan başqa, şikayətçi İXM-in 38.1-ci maddəsinə istinad etməklə barəsində olan qərarın ləğv edilməsini xahiş etmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. 02 noyabr 2018-ci il tarixli, EQ 141092 saylı inzibati tənbeh vermə haqqında qərardan isə görünür ki, həmin qərar inzibati xəta törədiləndən dərhal sonra qəbul edilmişdir. Bununla da, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X3 barəsində Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş 02 noyabr 2018-ci il tarixli, EQ 141092 saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İş materiallarından da göründüyü kimi, X3 şikayət vermiş olduğu inzibati xəta haqqında protokollar inzibati tənbeh verilməsini nəzərdə tutmur, yalnız ehtimal olunan inzibati xəta faktının sənədləşdirilməsindən ibarət olmaqla gələcəkdə inzibati xəta haqqında işə baxılarkən sübut növü kimi istifadə olunur. İnzibati Xətalar Məcəlləsində protokoldan şikayətin verilməsi və ya protokolun ləğv edilməsi nəzərdə tutulmadığından şikayətə bu hissədə baxıla bilməz. X3 barəsində Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş 02 noyabr 2018ci il tarixli, EQ 141092 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 barəsində Daxili İşlər Nazirliyinin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş 02 noyabr 2018-ci il tarixli, EQ 141092 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar