Məhkəmə qərarları › İş №3(044)-11/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-11/2022

07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-11/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, şikayətçi X1 22.11.2021-ci il tarixli, EQ8372704 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin tərtib etdiyi 22.11.2021ci il tarixli, EQ8372704 saylı qərar əsassız olduğu üçün ləğv edib, iş üzrə inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizədə göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, sözügedən 22.11.2021-il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tamami ilə qanunsuzdur və qəbul edilərkən demək olar ki, qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən qərar xüsusi texniki vasitədən istifadə etməklə tərtib edilməli olduğu halda, polis əməkdaşı tərəfindən fərdi məlumatlara müdaxilə etməklə tərtib edilmişdir. Yəni, kamera arxasında oturan hər hansı polis əməkdaşı (operator) kameradan şəhəri müşahidə edərkən sözügedən halı aşkar etmiş və həmin an ona məxsus avtomobilin şəkilini və dövlət qeydiyyat nömrəsini yaxınlaşdırmaqla bir neçə foto şəkil çəkmiş və bununla da 60 manat məbləğində cərimə edilmişdir. Mülkiyyətində olan avtomobilin şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq dövlət qeydiyyat nişanının götürülməsi, bundan başqa avtomobilinin içərisinə kamera vasitəsi ilə baxılması fərdi məlumatlara müdaxilədir, belə müdaxilənin olmaması üçün qanunveriçilik “xüsusi texniki vasitələr” tətbiq etməklə inzibatı xətanın aşkara çıxarılmasını imperativ şəkildə qeyd etdiyi təqdirdə hazırki qərar xüsusu texniki vasitədən istifadə etməməklə tərtib edilmişdir. Sözügedən 22.11.2021-il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda “inzibati xətanın aşkar edilməsi xüsusi texniki vasitənin məlumatı əsasında” müəyyən edilmişdir kimi ifadə işlənmiş, lakin qərarda xüsusi texniki vasitə barədə heç bir məlumat göstərilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələbləri baxımından xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Sözügedən 22.11.2021-il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə zidd tərtib edilməsinin bir başqa sübutu da həmin qərarın Elektron imza ilə təsdiq olunmalı olduğu halda, bu məcburi qaydanın da yerinə yetirilməməsidir. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş Elektron sənədin informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunan sənəd olması şərti mütləqdir. Yuxarıda qeyd etdiyim kimi İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarın elektron sənəd şəklində çıxarıldığı imperativ şəkildə qeyd edir, lakin sözügedən qərarın əlavə edilmiş surətindən də göründüyü kimi həmin qərar elektron imza ilə imzalanmamışdır Odur ki, barəsində tərtib edilmiş protokol və qərar ləğv edilməlidir. Gəncə Şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə dəfələrlə bildiriş göndərilərək prosesdə iştiraklarının təmin olunması və qərarın tərtib olunmasına səbəb olmuş sənədlərim məhkəməyə göndərilməsi xahiş edilsə də, inzibati orqanın nümayəndəsi məhkəmədə iclasında iştirak etməməklə yanaşı, qərarın verilməsinə əsas olmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 22.11.2021-il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X2 22.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Çünki şikayətçinin inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsi üçün istifadə edilmiş xüsusi texniki vasitənin məlumatları barədə heç bir məlumat göstərilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələbləri baxımından xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin - 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 100.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. - 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin başverdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Şikayətə əlavə edilmiş EQ ******* saylı 22.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarda kameranın nömrəsi qeyd olunsa da, tipi, markası və modeli qeyd edilməmiş, habelə qərar qəbul edən vəzifəli şəxs tərəfindən elektron imza vasitəsi ilə imzalanmamışdır. O cümlədən, qərarda inzibati xətanın aşkar edilməsi üçün istifadə edilmiş xüsusi texniki vasitənin məlumatları barədə heç bir məlumat göstərilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Gəncə şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə sorğu verilərək X2 barəsində tərtib edilmiş 22.11.2021-il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş materialların məhkəməyə təqdim edilməsi tələb edilsə də, sorğuya cavab verilməmişdir. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan 22.11.2021-il tarixli EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində qərar qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuşdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin tərtib etdiyi 22.11.2021-ci il tarixli, EQ8372704 saylı elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar