Məhkəmə qərarları › İş №3(044)-116/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-116/2021

05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-116/2021 05.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Prokurorluğunun xx xxxxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, toplanmış material əsasında müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması tam təsdiq edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə edilmiş materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən orada göstərilən maddələrdə nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında prokurorun qərarına inzibati xəta haqqında protokola qoyulan tələblər və həmin protokolun tərtib edilməsi müddətləri şamil edilir. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında prokurorun qərarına da şamil edilən qanunvericiliklə inzibati xəta haqqında protokola qoyulan tələblər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində təsbit edilmişdir. Belə ki, həmin maddədə müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir. İnzibati Xətalar Məcəlləsinin: 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2-ci maddəsinə əsasən protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində müəyyən edilmiş və iş üzrə əhəmiyyət kəsb edən bir sıra məlumatlar göstərilməmişdir. Belə ki, inzibati xəta haqqında işin materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarının alınmasına dair protokollar əlavə edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, habelə zərərçəkmiş şəxsə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının və vəzifələrinin izah edilməsi barədə qeyd aparılmamış və ya hər hansı sənəd əlavə edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətinin verilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2019-cu il tarixli Qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) həll etməli olduğu məsələlərin dairəsini müəyyən edir. Həmin maddəyə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İnzibati xətalar haqqında işlərə baxılarkən həll edilən məsələlərdən biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolun və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda göstərilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan Gəncə şəhər Prokurorluğunun Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gəncə şəhər Prokurorluğundan daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərar və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar