Məhkəmə qərarları › İş №3(044)-123/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-123/2022

19.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-123/2022 19.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Gəncə Cihazqayırma” zavodunda fəhlə işləyən, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod Yolu Y/Ə “Farforist” BY, sahə 38-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs 30.01.2022-ci il tarixdə saat 16 radələrindən 31.01.2022-ci il tarixdə saat 06 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 8, mənzil 40-da yaşayan X3 məxsus Gəncə şəhəri, Ə.Məmmədov küçəsində yolun kənarında saxladığı “VAZ-2107” markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən bir ədəd 50 manat dəyərində akkumulyator oğlurlamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar 19 fevral 2022-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xırda talama, yəni oğurluq yolu ilə özgənin əmlakını talama inzibati xətasını törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs Şəxs 30.01.2022-ci il tarixdə saat 16 radələrindən 31.01.2022-ci il tarixdə saat 06 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 8, mənzil 40-da yaşayan X1 Gəncə şəhəri, Ə.Məmmədov küçəsində yolun kənarında saxladığı özünə məxsus “VAZ-2107” markalı **-EF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən bir ədəd 50 manat dəyərində akkumulyator oğlurlayaraq, xırda talama etmişdir. Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, 30.01.2022-ci il tarixsə gecə saatlarında Gəncə şəhəri, Ə.Məmmədov küçəsində “VAZ-2107 markalı avtomobil görmüş, ətrafda heç kimin olmadığını görərək, akkumulyatoru söküb aparmışdır. Əməlindən peşmandır, ona görə də, məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs törətmiş olduğu əməldən peşmandır. Ona görə də, məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, inzibati protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğurluq edərək xırda talama etmişdir. İş materiallarında olan 09 fevral 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi”haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinə əsasən 19 fevral 2022-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati Xətalar Məcəlləsinin 36.3-cü maddəsinin tələbinə görə inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mulki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 19 fevral 2022-ci il tarixdən, saat 17:40-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar