Məhkəmə qərarları › İş №3(044)-131/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-131/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-131/2021 11.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X9 oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş X4, şikayətçi X1 iştirakları ilə, Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis kiçik serjantı X4 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xx.xx.2020-ci il tarixdə, saat 15:14-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru, polis kiçik serjantı X10 tərəfindən xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 200 manat cərimə edilmişdir. X2 TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə, saat 15:14 radələrində Gəncə şəhərində “Xan arxı” adlanan ərazidə “Milli market”in qarşısında qardaşının idarə etdiyi avtomobildə hərəkətdə olarkən yol polisi əməkdaşları onları saxlamışlar. Polis əməkdaşı Sahib Orucov onlardan küçəyə çıxmaq üçün icazələri olub-olmamasını soruşmuş, qardaşı portalda olan icazəsini, o, isə telefonunda olan SMS icazəsini göstərmişdir. Polis əməkdaşı onun Göyçay rayonunda qeydiyyatda olduğunu, karanti rejimini pozaraq Gəncə şəhərinə gəldiyini bildirmiş, o, isə əri hərbiçi olduğu üçün 10 ildən artıq Gəncə şəhərindən yaşadığını və uşağının Gəncə şəhərində məktəbdə oxuduğunu bildirmişdir. Lakin buna baxmayaraq polis əməkdaşı heç bir araşdırma aparmadan onun barəsində inzibati protokol tərtib edərək onu 200 manat cərimə etmişdir. Buna görə də o, şikayətin təmin edilməsini və həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş X10 bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 15:14 radələrində o, Gəncə şəhərində “Xan arxı” adlanan ərazidə “Milli market”in qarşısında xidmətdə olarkən şikayətçinin olduğu avtomobili saxlamış və icazələrini yoxlamışdır. Bu zaman avtomobili idarə edən vətəndaşın elektron hökümət portalından ölkə üzrə icazəsi olduğu, lakin şikayətçinin SMS icazəsi olsa da, Göyçay rayonunda qeydiyyatda olduğu müəyyən olunmuşdur. O, şikayətçiyə yalnız qeydiyyatda olduğu yer üzrə SMS icazədən istifadə edə biləcəyini demiş, hazırda Gəncə şəhərinə karantin postundan kənar qanunsuz olaraq daxil olduğunu bildirərək inzibati qərar qəbul etmişdir. O, bildirmişdir ki, rəhbərlik tərəfindən verilmiş göstərişə əsasən Gəncə şəhərində hərəkət edən başqa şəhər və ya rayonlarda qeydiyyatda olan vətəndaşlar barəsində bu formada inzibati protokollar tərtib edilir. Sonda o, şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2020-ci il tarixdə, saat 15:14-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 200 manat cərimə edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş Gəncə şəhəri X12 X3 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X1 qızı – X8 həmin Gimnaziyanın 2-ci sinfində oxuyur. Məhkəmənin sorğusuna əsasən “Elektron Hökümətin İnkişafı Mərkəzi” X11 direktoru Fariz Cəfər tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, “X6 X7 Alınması və Monitorinqi Sistemi”ndə (icaze-e.gov.az portalı) xx.xx.2020-ci il tarixdə saat 12:44-dən 15:44-dək vətəndaş X1 adına icazə qüvvədə olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməlidir. Çünki şikayətçi X1 faktiki olaraq yaşadığı Gəncə şəhərində xx.xx.2020-ci il tarixdə saat 15:14-də küçəyə çıxmaq üçün SMS icazəsinin olmasına baxmayaraq əsassız olaraq onun barəsində inzibati qərar qəbul edilmişdir. İnzibati qərarı qəbul etmiş Sahib Orucov şikayətçi Sehranə Qasımovanın Göyçay rayonunda qeydiyyatda olduğu üçün Gəncə şəhərinə karantin postundan kənar qanunsuz daxil olduğunu bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Qanunvericilikdə vətəndaşın qeydiyyatda olduğu şəhər və ya rayondan kənarda yaşadığı müddətdə küçəyə çıxarkən SMS icazədən istifadə etməsinin qadağan olunması və ya belə hallarda inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı hər hansı norma mövcud deyildir. Bundan başqa polis əməkdaşı Sahib Orucov işin hallarını ətraflı araşdırmadan, yəni şikayətçi Sehranə Qasımovanın həqiqətən Gəncə şəhərində yaşadığını, sonuncunun karantin müddətində karantin rejimini pozaraq və ya ondan əvvəl Gəncə şəhərinə gəldiyini müəyyən etmədən dərhal sonuncu barəsində inzibati qərar qəbul etmişdir. Halbuki, qanunvericilikdə işin hallarının əlavə araşdırılması tələb olunduqda protokolun 2 gün müddətində tərtib edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, şikayətçi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün “karantin rejiminin pozulması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında qərarı qəbul etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yol patrul xidməti inspektoru Sahib Orucov şikayətçi X1 təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə qərar qəbul etməklə kifayətlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X2 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar