Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-133/2022 25.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Gəncə şəhəri Nizami Rayon Polis İdarəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Nizami RPB-in İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 24.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22.02.2022-ci ildə saat 16 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Məxməri” restoranının yanında yerləşən yarım tikilidə sement kisəsinin üstündən X6 məxsus 350 manat dəyərində “Redmi Note 9” markalı mobil telefonu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, 22.02.2022-ci il tarixdə Samux rayonu, Ziyadlı kəndində yaşayan vətəndaş X6 məxsus 350 manat dəyərində “Redmi Note 9” markalı mobil telefonu Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Məxməri” restoranının yanında yerləşən yarım tikilidən sement kisəsinin üzərindən oğurlayan şəxsin, onun tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs oğlu olması aşkar olunmuş, o, sonuncunu saxlayaraq Nizami RPB-nin növbətçi hissəsinə təhvil vermişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edildiyini, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü tam təqsirli bilərək izahatında bildirdi ki, o, evdə ailəsiyə birlikdə yaşayır, heç bir yerdə işləmir, ailəsinin dolanışığını təmin etməkdə çətinlik çəkir, ona görədə əlacsız qalıb oğurluq etmişdir. Sonda o, əməlindən peşman olduğunu, pula ehtiyacı olduğu üçün belə əməl törətdiyini bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. X1 məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, qərarda qeyd olunan əməli törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarın surəti Nizami RPB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - “İnzibati qaydada tutma haqqında” 24 fevral 2022-ci il tarixli il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:00-da tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, onun özünün etirafedici və X1nun izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetir və onun törətdiyi əməl İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməməsini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, məsuliyyəti ağırlaşdıran hal kimi Şəxs il ərzində inzibati tənbeh tətbiq edilən eyni xətanı təkrar törətməsini nəzərə alıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində tərtib olunmuş protokol üzrə İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli tutulduğu 24 fevral 2022ci il tаrixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 01 (bir) ay 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 24.02.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-133/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-133/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver