Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-134/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıyev Şahid Əlövsət oğlunun iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıyev Şahid Əlövsət oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıyev Şahid Əlövsət oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hacıyev Şahid Əlövsət oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Xan Çinar” kafesi onun əmisi oğlu X2 mülkiyyətindədir. Onun yaşadığı ev həmin kafenin yaxınlığında yerləşdiyinə görə Vüqar kafenin açarlarını ona verib kafeyə nəzarət etməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə o, kafeni açandan sonra saat 10 radələrində polis əməkdaşları kafeyə daxil olaraq, kafeni qanunsuz işlətdiyinə görə onun barəsində cərimə tətbiq edəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına kafenin fəaliyyət göstərmədiyini bildirmiş, həmçinin dediklərini təsdiq etmək üçün kafenin mətbəxini də polis əməkdaşlarına göstərərək burada kafenin fəaliyyət göstərməsi üçün nə qab-qacaq, nə də digər əşyaların olmadığını bildirmişdir. Lakin dediklərinə baxmayaraq, onu Gəncə şəhər Nizami rayon Polis Bölməsinə aparıb güya onun tərəfindən pandemiya ilə əlaqədar karantin rejimini pozub kafeni işlətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. X4 Məcəlləsinin hansı maddəsi ilə barəsində protokol tərtib olunduğu da ona bildirilməyib, protokolda da İnzibati Xətalar Məcəlləsinin hər hansı maddəsi göstərilməyib. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıyev Şahid Əlövsət oğlu şikayət ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X3 izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Xan Çinar” kafesinin işləməsi və xüsusi karantin rejimi qaydalarının pozulmasının aşkar edilməsi barədə raport daxil olmuş və o, həmin raport əsasında Hacıyev Şahid Əlövsət oğlunun barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. O, həmin inzibati xəta haqqında protokolu tərtib edərkən Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Xan Çinar” kafesinin həqiqətən də karantin dövründə işlədilib-işlədilməməsinə dair hər hansı sübutların olmasını araşdırmamış, həmçinin həmin kafe fəaliyyət göstərdiyi təqdirdə kafenin kim tərəfindən işlədilməsini də müəyyən etməmişdir. Sadəcə olaraq Hacıyev Şahid Əlövsət oğlunun barəsində raport daxil olduğuna görə onun barəsində inzibat xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Hacıyev Şahid Əlövsət oğlunun barəsində xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Xan Çinar” kafesini işlətdiyinə görə karantin rejimi qaydalarını pozması ilə əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Hacıyev Şahid Əlövsət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində həmin inzibati xətanı törətməyə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və inzibati xəta haqqında işin materialları ilə müəyyən edilmişdir ki, Hacıyev Şahid Əlövsət oğlunun barəsində xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Təbriz küçəsində yerləşən “Xan Çinar” kafesini işlədərək karantin rejimi qaydalarını pozmuşdur. X7 Əlövsət oğlunun həmin kafeni işlətməsinə dair hər hansı sübutlar müəyyən olunmamışdır, eyni zamanda hər hansı kafenin fəaliyyət göstərməsi üçün orada ən azı bir neçə şəxs olmalı, həmçinin həmin şəxslərin barəsində də inzibati icraat aparılmalıdır. Tərəflərin izahatlarından və işin hallarından göründüyü kimi, qeyd edilən hallar mövcud olmamışdır. Bundan başqa, həmin kafenin fəaliyyət göstərdiyi halda belə, onun kimin tərəfindən (hansı fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən) işlədilməsinə dair də hər hansı sübutlar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıyev Şahid Əlövsət oğlu tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında göstərilmiş inzibati xətanın törədilməsi heç bir sübut növü ilə təsdiq edilməmiş və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hacıyev Şahid Əlövsət oğlunun şikayəti təmin edilməklə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Hacıyev Şahid Əlövsət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hacıyev Şahid Əlövsət oğlunun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Hacıyev Şahid Əlövsət oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-134/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-134/2021
25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver