Məhkəmə qərarları › İş №3(044)-135/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-135/2021

19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-135/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq onun elektron portalda icazəsinin olub-olmamasını araşdırmadan onun icazəsi olmadığını bildirərək barəsində inzibati tənbeh vermə haqqında qanunsuz olaraq qərar qəbul etmişdir. Onun portalda rəsmi sms icazəsi mövcud olmuşdur. İşə baxılmasının yeri və vaxtı barəsində X3 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq, X4 məhkəmə iclasında iştiak etməmiş, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə X2 və Gəncə şəhər Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 17:28-də Gəncə şəhəri, Bayan küçəsi ərazisində “VAZ-21099” markalı **-DX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 saylı qərarının 1-ci bəndinə əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 2.6, 2.6.1-2.6.3-cü maddələrinə əsasən digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar və yaxın qohumunun dəfnində iştirakla əlaqədar yol verilir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin dispozisiyasına əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması inzibati xəta hesab olunur. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X2 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərarının qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də şikayət təmin edilməməli və Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar