Məhkəmə qərarları › İş №3(044)-138/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-138/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-138/2022 25.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi,Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1995-ci il tarixdə Daşkəsən rayonu, Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Dəmirçidam Ərazi Dairəsi, Dəmirçidam Kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Cavadxan prospekti Aqrar Tikinti İdarəsində müvəqqəti məskunlaşmış Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Tərtər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(061)-392/2021 saylı, icra sənədinə əsasən 15.02.2008-ci il tarixdə anadan olmuş X3, 07.12.2019-cu il tarixdə anadan olmuş Hümbətov Nurəli Nicat oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 29 yanvar 2021-ci il tarixdən başlayaraq, Şəxs, X2 xeyirinə hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(061)- 392/2021 saylı qətnaməsinin icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu Şəxs icradan boyun qaçıraraq tələbi bu günədək icra etməmişdir. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf edərək bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(061)-392/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, 15.02.2008-ci il tarixdə anadan olmuş X3, 07.12.2019-cu il tarixdə anadan olmuş Hümbətov Nurəli Nicat oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 29 yanvar 2021-ci il tarixdən başlayaraq, ondan X2 xeyirinə hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Şəxs imkanı olmadığından yaranmış aliment borcunu ödəyə bilmədiyini qeyd edərək bildirdi ki, fərdi əməklə məşğul olur, Ağstafa rayonunda yerləşən fermada işləyir hər ay 200 (iki yüz) manat əmək haqqı alır. Hazırda etmiş olduğu əməldən peşmandır. Məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh növü tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs imkanı olmadığından yaranmış aliment borcunu ödəyə bilməmişdir, lakin gələcəkdə ödəyəcəkdir. Ona görə də Şəxs barəsində başlanılmış inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Tərtər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(061)-392/2021 saylı, icra sənədinə əsasən 15.02.2008-ci il tarixdə anadan olmuş X3, 07.12.2019-cu il tarixdə anadan olmuş Hümbətov Nurəli Nicat oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün 29 yanvar 2021-ci il tarixdən başlayaraq, Şəxs X2 xeyirinə hər ay hər uşaq üçün 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “icraata başlanması haqqında” 04 may 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Tərtər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(061)-392/2021 saylı, icra vərəqəsi Gəncə şəhəri üzrə icra İdarəsinin böyük icra məmuru X5 tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 74202/2021-21-21-003 saylı “tələbin könüllü icrası haqqında” bildirişdən müəyyən olunur ki, 04 may 2021-ci il tarixli bildirişin surəti Şəxs təqdim edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 08 dekabr 2021-ci il tarixli 74202/2021-21-21 saylı xəbərdarlıqdan müəyyən olunur ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə xəbərdarlıq məktubunu qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi ktəyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs fərdi əməklə məşğul olur, ayda 200 (iki) yüz manat məbləğində əmək haqqı alır, lakin buna baxmayaraq qərəzli olaraq qismən də olsa aliment ödəməmiş və məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə bu halı üzürsüz səbəb olaraq məhkəmə qətnaməsini icra etməmək kimi qiymətləndirir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 25.02.2022-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 25 fevral 2021-ci il saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar