Məhkəmə qərarları › İş №3(044)-147/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-147/2021

20.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-147/2021 20.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, tələbkar Əsgərova (Əliyeva) Aytən Sahib qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2148/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs tələbkara olan 4620 manat məbləğində aliment borcunu ödəməmişdir. Bununla əlaqədar borcluya inzibati məsuliyyətə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıq edilmiş, tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, adına heç bir əmlak aşkar edilməmişdir. xx xxx 2019-cu il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə borclu Şəxs barəsində axtarış işi açılmışdır. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, onun daimi iş yeri olmadığı üçün alimenti ödəyə bilmir. Hazırda da maddi imkanı yoxdur ki, aliment borcundan ödəniş etsin. Sonda Şəxs ona yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Əsgərova (Əliyeva) Aytən Sahib qızı izahat verərək bildirdi ki, borclu Şəxs bu günədək uşağın saxlanması üçün heç bir maddi köməklik göstərməmiş, aliment borcundan heç bir ödəniş etməmişdir. Sonda tələbkar aliment borcunun ödənilməsini tələb etdiyini, əks təqdirdə Şəxs barəsində ağır cəza verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün və tələbkarın izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Belə ki, borclu maddi imkanın olmadığını əsas gətirərək borcunu ödəməmişdir. Halbuki o, bu günə qədər tələbkara hissə-hissə ödənişlər edə bilər, qətnamənin icrasına möhlət verilməsi və ya hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 15 (on beş) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar