Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-15/2022 05.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə, şikayətçi X1 iştirakı ilə, X1 10.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onu barəsində olan 10.11.2021ci il tarixli, TP ******* saylı inzibati qərarı ləğv edib, inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, 10 noyabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə o, AR İXM-nin 329.1 və 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmiş, guya o, təhlükəsizlik kəmərindən istifadə etməyərək, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Barəsində yazılmış protokolu və qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuz hesab edir. O, M.Müşfiq küçəsində yaşayır və yaşayış yerində ən yaxın olan yolayrıcına (təxminən 100 metr) keçmişdir. Bu da Yol Hərəkəti haqqında qanun 64-cü maddəsinin 5-ci bəndinə əsasən inzibati xəta hesab edilə bilməz. Eyni zamanda o, həmişə təhlükəsizlik kəmərindən istifadə etmişdir. Bundan başqa o, keçdiyi yol ayrıcında qarşı tərəfdə heç bir qadağanedici nişan olmamışdır. O, yol ayrıcını keçdikdən sonra 5-10 metr irəlidə sol tərəfdə mağazaya düşmüş, və həmən yerdən geri qayıdaraq evinə getmişdir. Yol polisinin dediyi birtərəfli hərəkəti göstərən nişan yol ayrıcından təxminən 50 metr sonra qoyulmuşdur. Sonda o, şikayətinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Nümayəndə bildirdi ki, M.Müşfiq küçəsində giriş qadağandır işarəsi, eyni zamanda yolun sağında və solunda yol ver nişanları var, həmin işarə yolun soluna əmredici nişan verir. Oradakı küçələrin hamısında yol ver nişanı və əmr edici nişanları var ki, gəlib M.Müşfiq küçəsinə çıxır. Səda Novruzlu həmin yolu düzünə gələrək qayda pozuntusu etmiş, eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Səda Novruzlunun daxil olduğu küçə birtərəflidir və yolun sağ tərəfində bu barədə nişan quraşdırılmışdır. Sonda o, şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 10.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-nin 329.1 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki inzibati tənbeh vermə haqqında qərar vermiş Gəncə şəhər DYPŞ-nin polis mayoru Nümayəndə şikayətçi X1 təhlükəsizlik kəmərindən istifadə etmədiyi və birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyini bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Nümayəndə tərəfindən təqdim edilmiş video görüntüdə Səda Novruzlunun M.Müşfiq küçəsindən çıxarkən YPX əməkdaşları tərəfindən saxlanıldığı və barəsində inzibati protokol tərtib olunduğu görünür, lakin təhükəsizlik kəməri taxmaması və Səda Novruzlunun çıxdığı küçənin baş tərəfindən hərəkətin birtərəfli olması barədə yol nişanı quraşdırıldığını müəyyən etmək olmur. X5 tərəfindən təqdim edilmiş foto şəkillərdən görünür ki, o, evlərindən çıxaraq yol ayrıcına daxil olduqda onun çıxdığı küçədə hərəkət istiqamətini göstərən məcburedici, qadağanedici və məlumatverici hər hansı yol nişanı yoxdur, həmçinin onun yol ayrıcını keçərək daxil olduğu küçənin başında da məlumatverici yol nişanı quraşdırılmamışdır. O, küçəyə daxil olaraq qarşısında saxladığı mağazadan sonra, təxminən küçənin başından 50-60 metr sonra sağ tərəfdə yolun hərəkət istiqamətinin birtəfli olduğunu bildirən məlumatverici 5.5 yol nişanı quraşdırılmışdır. İşin faktiki hallarında müəyyən olunur ki, M.Müşfiq küçəsinin Səda Novruzlunun daxil olaraq dayandığı və geriyə qayıtdığı hissəsində məlumatverici və qadağanedici nişan olmamış, o, küçənin məlumatverici yol nişanı qurulmuş hissəsinə çatmadan geri dönərək qayıtmışdır. Yol nişanları isə onların quraşdırıldığı yerdən sonra qüvvədə olur. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “təhlükəsizlik kəmərinin bağlanmaması”na dəlalət edən və həmin Məcəllənin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün səbəb olan olan birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmək barədə heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yol patrul xidməti inspektoru Nümayəndə Səda Novruzlunun təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 329.1 və 327.4-cü maddələr ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.4-cü maddələri göstərilmişdir. Həmin Məcəllənin 329.1-ci maddəsinin tövsifedici əlaməti təhlükəsizlik kəmərini bağlamadan, 327.4-cü maddəsinin tövfisedici əlaməti isə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməkdən ibarətdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan X1 təhlükəsizlik kəmərini bağlamadan, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmək etməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 329.1-ci və 327.4-cü maddələri ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından, inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş 10.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş 10.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-15/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-15/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver